"Bir zamanlar xəyal etdiyimiz Türk birliyi real güc mərkəzinə çevrilir".
Bu sözləri Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşündən sonra mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, Türk birliyi geopolitik proseslərdə siyasi-iqtisadi və mədəni-sosial mərkəz rolunu oynayır: "Ortaq addımlar, dəyərlər, birgə fəaliyyət özünü göstərir. Bildiyimiz kimi, Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulurdu. Lakin Prezidenti İlham Əliyev humanistlik nümayiş etdirərək Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar dövlətə dəstək məqsədilə adıçəkilən görüşün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərlərinin buna müsbət yanaşması indiki vaxtda qardaş ölkəyə böyük dəstəkdir. Bu, həm də bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı hörmətin açıq göstəricisidir. Düşmənə verilən bir mesajdır. Rəsmi Ankara güclü olarsa, qardaş ölkələr də qüvvətli olacaq. Sevindirici hal odur ki, Azərbaycan-Türkiyə qardaşlığı Türk birliyinin mayak rolunu oynayır. İki dövlət strateji və tarixi qərarların qəbulunda mühüm əhəmiyyət kəsb edir. Hazırda Türkiyənin yanında olmaq lazımdır. Onun çətin vəziyyətdən çıxması üçün qardaş ölkələrin fəallığı xüsusi önəm daşıyır. Bu, Zirvə görüşündə də əsas mövzu hesab edilib. Digər tərəfdən Qarabağın bərpa-quruculuq işlərində qardaş dövlətlərin iştirakının vacibliyi diqqətdə saxlanılıb. Əsas müzakirələrdə qəbul olunan qərarlar Türk birliyinin daha böyük addımlar atmasına, daha geniş formada inkişafına, ümumi xeyrinə hesablanmış görüşdür",- deyə ekspert bildirib.
Tahirə AĞAMİRZƏ