Qeyd edək ki, Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin əsası 1992-ci il yanvarın 12- də qoyulub. Həmin vaxt Almaniya Azərbaycanın müstəqilliyini tanımış və bir ay sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Hər iki ölkədə səfirliklər fəaliyyətə başladıqdan sonra Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirdi. Onu da qeyd edək ki, bu müddət ərzində Azərbaycan Prezidenti Almaniyaya 17 rəsmi və işgüzar səfər həyata keçirmişdir.
Bu əməkdaşlıq hökumət və parlament başçılarının qarşılıqlı səfərləri zamanı daha da inkişaf etmişdir. İki ölkə arasında indiyə qədər 77 sənədin imzalanması ikitərəfli əməkdaşlığın inkişafından xəbər verir. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Almaniya Bundestaqında isə Azərbaycanı da əhatə edən Almaniya-Cənubi Qafqaz parlament qrupu fəaliyyət göstərir. Almaniya Prezidentinin bu səfəri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağından xəbər verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatında da diqqətə çatdırıb.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana səfərini şərh edəm politoloq Turan Rzayev bu səfərin iki baxımdan diqqət çəkdiyini vurğulayıb:
Birincisi, Frank-Valter Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir.
İkincisi, Almaniya prezidenti Azərbaycana Ermənsitandan gəlib.
Ştaynmayer səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək görüşüb. Görüşdən sonra isə prezidentlər mətbuata bəyanatla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Almaniya Avropanın ən mühüm ölkələrindəndir. Hətta ən azı Fransa və Böyük Britaniya qədər Cənubi Qafqazla tarixən yaxından maraqlanan iqtisadi, siyasi yenilikləri izləyən, nüfuz qazanmaq istəyən ölkədir: "Yuxarıda dediyim kimi, Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir və o, öncə Ermənistana, sonra Azərbaycana gəlib.
Hər iki detal çox mühümdür və səfərin səbəbi ilə bağlı fikir deməyə əsas verir. Aydın məsələdir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşıb. İki ölkə sülhə yaxın olduğu üçün hazırda ABŞ, Rusiya, Böyük Britaniya kimi, Almaniya da prosesdə iştirak etmək, daha dəqiq desək, vasitəçi olmaq istəyir.
Ştaynmayer mətbuatın suallarını cavablandırarkən Ermənistana səfər zamanı edilən səhvi “Biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deyərək düzəltdi. Yəni göründüyü kimi, rəsmi Berlin sülh prosesində yer almaq istəyir".
Politoloq daha sonra bildirib ki, Almaniya prezidenti çıxışında Almaniya və Fransa arasında çoxsaylı müharibələrdən danışıb və bu gün iki xalqın keçmişi geridə qoyduğunu, dost xalqlar olduğunu qeyd edib:
“Cənubi Qafqazda da sülh şəraitində yaşanılması üçün səylər göstərilməli, işlər görülməlidir”.
Əslində, Almaniya-Fransa münasibətləri Ermənistan və Azərbaycan üçün maraqlı və müəyyən mənada məqbul misaldır. Bunu Berlinin perspektivdə regionu və Bakı-İrəvan münasibətlərini necə görmək istədiyi kimi də qiymətləndirmək olar. Lakin Cənubi Qafqazın reallıqları fərqlidir. Region uğrunda böyük güclərin maraqları tez-tez dəyişir və bu, bölgə ölkələrinin münasibətlərinə təsirsiz ötüşmür. Lakin yenə də Azərbaycan sülhdə maraqlıdır.
Politoloq əlavə edib ki, Azərbaycan Prezidenti almaniyalı həmkarı ilə görüşdə İrəvandan gözləntisini və sülh üçün iki mühüm şərtini açıqladı:
1.ATƏT-in Minsk qrupu ləğv edilməlidir;
2.Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən maddələr dəyişməlidir.
Azərbaycan üçün sülhün hansı ölkədə, kimin vasitəçiliyi ilə imzalanmasının heç bir fərqi yoxdur. Ölkə başçısı iki şərtini açıqladı. Bu həm Ermənistana, həm Almaniyaya, həm də sülhün imzalanmasında iştirak etmək istəyən aktorlara açıq mesajdır. İrəvanı bu iki şərtin icrasına razı salan ölkə vasitəçi ola bilər.
Almaniyanın Ermənistanı Bakının şərtlərinə razı salıb-salmayacağını zaman göstərəcək, amma Berlinin boş dayanmayacağı bəllidir. Məsələ ondadır ki, Almaniya sülh prosesində iştirakdan əlavə regional enerji layihələrində də yer almaq istəyir. Yəni sülh prosesində iştirakın pərdəarxasında regiona nüfuz və iqtisadi maraqlar var.
Berlin Parisdən fərqli olaraq tərəf tutmaq istəmir. Yəni İrəvanı, ya da Bakını dəstəkləməkdənsə, tərəfləri uzlaşdırıb daha güclü əməkdaşlıq qurmağı düşünür. Buna nail olsa, şübhəsiz, regiona ciddi alman investisiyasının axın etdiyini görmək olar. Bakı üçün sülhü təmin edəcək ölkə məqbuldur. Digər tərəfdən, Almaniya ilə əməkdaşlıq bir çox baxımdan dividend gətirə bilər.
Ümumiyyətlə, Cənubi Qafqaz vacib regiondur. Bakı regionun dəyərini bildiyi üçün bir çox halda üst pərdədən danışır. Bu da onu daha dəyərli edir: "Bakının yanaşması daha uğurludur. O ki, qaldı Bakının şərtlərinə, Almaniya ATƏT-in Minsk Qrupunun ləğvinə nail ola bilər. Ermənistan konstitusiyasındakı dəyişiklik isə Berlin üçün çətin məsələdir. Çünki Almaniyanın Ermənistana təzyiq imkanları azdır. Lakin bu məsələdə də müvafiq addımlar ata bilərlər. Effektivliyini isə zaman göstərəcək".
Tahirə AĞAMİRZƏ