16.08.2025, 03:38
AZ EN
03.04.2025, 15:39 278

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Almaniya münasibətlərinin uğurlu inkişafının göstəricisidir

YAZILAR
  • Azərbaycan-Almaniya əlaqələri bu gün inkişaf dövrünü yaşayır. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər münasibətlərin uğurlu inkişafının göstəricisidir. Bu xüsusda, Azərbaycan Prezidentinin 2023-cü və 2024-cü illərdə Almaniyaya səfərlərini, aparılan danışıqları qeyd etmək olar. Təbii ki, Almaniya Prezidentinin Azərbaycan Prezidentinin dəvəti əsasında ölkəmizə səfəri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcək.

Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Artıq 10-u Avropa ölkəsi olmaqla, ümumilikdə 12 ölkə Azərbaycan qazı ilə təchiz olunur. Bu, ölkəmizin uğurlu enerji strategiyasının göstəricisidir. Xüsusilə qeyd etmək istərdim ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu əsasında bu əlaqələr daha da genişlənir”, - deyən deputat əlavə edib ki, Almaniya ilə əlaqələrdə də enerji sektoru xüsusi önəm daşıyır. Dövlətimizin başçısının mətbuata bəyanatında bildirdiyi kimi, bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artmasıdır.

COP29 tədbirinə böyük uğurla ev sahibliyi edən Azərbaycanın bu gün qlobal enerji keçidi dövründə özünün strateji hədəflərini açıqladığını və bu istiqamətdə önəmli layihələr həyata keçirdiyini söyləyən parlamentari görülən işlərin Avropa ölkələri tərəfindən də dəstəkləndiyini, həmçinin böyük maraqla qarşılandığını deyib. Diqqətə çatdırıb ki, bu xüsusda, bərpaolunan enerji sahəsində zəngin təcrübəyə malik Almaniya ilə əməkdaşlıq mühüm perspektiv vəd edir.

M.Qasımlı deyib ki, Azərbaycan-Almaniya əlaqələri ölkələrimizlə yanaşı, bütövlükdə Cənubi Qafqaz regionu üçün çox böyük əhəmiyyət daşıyır. Regionun lider dövləti, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi böyük nüfuza malik Azərbaycan ilə əməkdaşlıq Almaniya üçün xüsusi önəmə malikdir. Otuz il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistan bu gün də regionda dayanıqlı sülhün əldə olunması üçün zəruri addımlar atmır. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Məhz Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsi üzrə danışıqlara başlanılıb və sənədin mətni tam razılaşdırılıb. Əlbəttə ki, hər zaman öz fəaliyyətsizliyi ilə diqqət çəkən ATƏT-in Minsk qrupunun ləğv olunması və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən bəndin çıxarılması tələbi Azərbaycanın haqlı mövqeyidir. Ermənistanın bu tələbləri vaxtında yerinə yetirməsi regional əməkdaşlığın inkişafına da töhfə verə bilər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR