Bu fikri Milli Məclisin deputatı Ramil Həsən İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyətini şərh edərkən deyib.
O qeyd edib ki, kəmər Naxçıvanın qaz və enerji təhlükəsizliyini tam təmin etməklə, iki qardaş dövlətin meqalayihələrindən biridir:
“Bu, strateji layihə kimi qəbul oluna bilər. Açılışda Prezident İlham Əliyev Naxçıvanla bağlı tarixi həqiqətləri çatdırdı. O qeyd etdi ki, Ermənistanın Qarabağı işğal etməsi, Naxçıvanı blokadaya salması işğal planının davamı idi. O vaxt Naxçıvanın rəhbəri olan Ulu Öndər Heydər Əliyevin təcrübəsi, uzaqgörənliyi və idarəçiliyi sayəsində Naxçıvan qurban verilmədi, Ermənistanın işğalından xilas oldu. Türkiyənin ozamankı prezidenti Süleyman Dəmirəllə Heydər Əliyev arasında şəxsi dostluq əlaqələri nəticəsində Ümid körpüsü quruldu. Bununla Naxçıvanın blokadadan tamamilə azad edilməsi, naxçıvanlılara hərtərəfli dəstək göstərilməsi təmin olundu. Bu, Heydər Əliyevin böyük siyasətinin başlanğıcı idi, həmin ümid bütün Azərbaycana sirayət etdi”.
R.Həsən vurğulayıb ki, İğdır-Naxçıvan qaz kəməri Azərbaycan-Türkiyə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı sonuncu layihə olmayacaq:
“Hətta bu, Azərbaycan-Türkiyə qardaşlığı istiqamətində yeni mərhələdir. Prezident İlham Əliyev açılışda ən mühüm amillərdən birini də qeyd edərək dedi ki, Sovet ordusu Azərbaycanı işğal etdikdən təxminən 5-6 ay sonra Zəngəzur Ermənistana hədiyyə edilib. Zəngəzurun Azərbaycandan alınması Naxçıvanın blokadasının əsas səbəblərindən biridir. Bu gün biz Prezidentimizin rəhbərliyi ilə o blokadanın aradan qaldırılması, ədalətin bərpa edilməsi istiqamətində addımlar atırıq. Əminəm ki, haqq-ədalət qalib gələcək, Azərbaycan həyata keçirdiyi siyasətin uğurlu nəticələrini əldə edəcəkdir”.
Deputat onu da əlavə edib ki, Azərbaycan və Türkiyə liderləri Türk dünyasının birləşməsində, Türk dövlətləri arasında siyasətin həyata keçirilməsində mühüm rol oynayırlar:
“Onlar bu birliyi davam etdirəcək və adlarını qızıl hərflərlə tarixə yazdıracaqlar. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türk dünyasının birləşməsi, Azərbaycanın və Türkiyə qardaşlığının daha da güclənməsinə şahidlik edəcəyik”.
Xatırladaq ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. (Report)