Bunu yerli mətbuata açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Uğurlu daxili siyasətin davamı olaraq, Azərbaycanın çoxşaxəli xarici siyasət kursunu da müvəffəqiyyətlə həyata keçirdiyini söyləyən Milli Məclisin deputatı bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə də güclü və nüfuzlu ölkə kimi qəbul edilir. Təbii ki, beynəlxalq aktorlar ilə qurulan qarşılıqlı faydalı əlaqələri xüsusi qeyd etmək istərdim.
“Azərbaycanın ötən illər ərzində həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında müstəsna rola malikdir. Dövlətimizin başçısının Çinin CGTN telekanalına müsahibəsində də qeyd etdi ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. Bəli, Azərbaycan bu gün nə siyasi, nə də iqtisadi baxımdan hər hansı ölkədən asılı deyil. Ölkəmiz tam müstəqil, milli maraqlarımızın qorunmasına xidmət edən siyasət yürüdür. Hər bir Azərbaycan vətəndaşı bu siyasətlə qürur duyur və onu dəstəkləyir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan ilə Çin arasında münasibətlər uzun illərdir uğurla inkişaf edir. Ölkələrimiz bir çox sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinə malikdirlər.
Ötən il Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə Bəyannamənin qəbul olunduğunu xatırladan deputat deyib: “Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsində qeyd etdiyi kimi, strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir”. Birgə Bəyannamədə də qeyd olunur ki, ölkələrimiz milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birilərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar.
“Çin ilə münasibətlərdən danışarkən əlbəttə ki, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı qeyd etmək lazımdır. Azərbaycan bu layihəni dəstəkləyən ilk dövlətlərdən biridir. Bu xüsusda, ölkəmizin nəqliyyat-logistika potensialının inkişafına xüsusi diqqət ayırır. O cümlədən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması istiqamətində önəmli addımlar atır”, - deyə deputat vurğulayıb.
Bu gün Azərbaycanın bərpa olunan enerji sahəsində ciddi tədbirlər həyata keçirdiyini xatırladan deputat deyib ki, ölkəmizdə yaradılan əlverişli investisiya mühiti, yaşıl enerji üzrə mövcud potensial Azərbaycanda bu sahənin inkişafı üçün geniş perspektivlər vəd edir. Təbii ki, Çinin bu sahədəki təcrübəsi, yüksək texnoloji inkişafı ölkələrimiz arasında bərpaolunan enerji sektorunda əməkdaşlığa töhfə verir.
Hazırladı: Günel QULİYEVA