Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, bu faciə qan yaddaşımızdan heç vaxt silinməyəcək. Eyni zamanda, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə Bakıda yaşananlar yaddaşımıza tariximizin şərəfli bir səhifəsi kimi yazılıb. Xalqımız bu faciədən sonra milli azadlıq uğrunda mübarizədən geri çəkilmədi. Dünya sarsılmaz milli iradəmizin şahidi oldu. Biz mübarizəni davam etdirməklə XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşduq. Haqq, ədalət uğrunda mübarizəmiz ilbəil daha dönməz xarakter aldı. 1990-cı ilin 20 yanvarında faciəyə məruz qalan Azərbaycan xalqı özünün müdrik və qətiyyətli Liderinin - Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ölkənin ərazi bütövlüyünə, 2023-cü ildə isə Qarabağda suverenliyimizin bərpasına nail oldu. 20 Yanvar şəhidləri də məhz bu müqəddəs amallar naminə əliyalın imperiya qüvvələrinin şəhərə yeridilən tanklarının qabağına çıxmışdılar. İndi bütün şəhidlərimizin ruhu şaddır!
Millət vəkilinin sözlərinə görə, 20 Yanvar hadisələri zamanı Bakı ilə yanaşı, bölgələrində də qırğınlar törədilmişdi. Ümumilikdə, Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, dinc insanlara qarşı törədilən qanlı bir cinayət idi. Ordunun xalqa, dinc insanlara ağır texnikadan atəş açması tarixdə az rast gəlinən faktdır. Bunu keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə imperiya ordusu etdi.Respublikamızda törədilən qırğınların birbaşa baiskarı M. Qorbaçov idi. Ordunun Bakıya yeridilməsi əmrini məhz o vermişdi. Ancaq təhlillərdən həm də o nəticə hasil olur ki, həmin dövrdə respublikada yaranan ictimai-siyasi vəziyyət düzgün dəyərləndirilməyib. Burada həm respublikanın o vaxtkı rəhbərliyi, həm də xalq hərəkatını istiqamətləndirən qüvvələr məsuliyyət daşıyırlar.
Pərvin Kərimzadə qeyd edib ki, bir gecənin içində dəhşətli faciə ilə üz-üzə qalan Azərbaycan xalqı həmin dövrdə bir növ tək qalmışdı. Respublikamızın ətrafında informasiya blokadası qurulmuşdu. İmperiyanın ruporları yalanlar uyduraraq facə qurbanlarını beynəlxalq ictimaiyyətə terroristlər, qiyamçılar, silahlı dəstələr, ictimai asayişi pozan xuliqanlar kimi təqdim edirdi. Belə ağır məqamda o dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoydu. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yardı, bütün dünyaya bir sıra mesajlarını çatdırdı. Doğma xalqı ilə bir yerdə olduğunu bildirən, dərin kədərini ifadə edən Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirdi. “Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. …Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi?”, - deyə Heydər Əliyev sual etmişdi.Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışında günahkarların, qırğın törədənlərin hamısının cəzalandırılmasını tələb etdi. Ulu Öndərin bu addımı xalq üçün böyük təsəlli oldu.
YAP İdarə Heyətinin üzvü deyib ki, 20 Yanvar faciəsinin baş verməsində o dövrdə xalq hərəkatında təmsil olunan qüvvələrdə ciddi məsuliyyət daşıyırdı: “Həmin qüvvələr 1992-ci ildə hakimiyyətə gəlsə də, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi barədə düşünmədilər. Halbuki, faciə gecəsində insanları meydanlara səsləyən, onlara atəş açılmayacağına təminatlar verən həmin qüvvələr idi. Yalnız Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində 20 Yanvar faciəsi özünün hüquqi-siyasi qiymətini aldı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsi ilə bağlı mühüm sənədlərin qəbul olunmasını təmin etdi. O cümlədən Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Ulu Öndərin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu”.
“Eyni zamanda, faciə qurbanlarının adlarının əbədiləşdirilməsi ilə bağlı müvafiq addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da istisna deyil. Dövlət başçısı tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Beləliklə, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqın azadlığı uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin də ruhu şaddır”,-deyə deputat vurğulayıb.
Günel QULİYEVA