Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, müharibənin yekunları, yalnız ərazilərimizin azad olunması ilə deyil, həm də Azərbaycanın milli qürurunun və ərazi bütövlüyünün bərpası ilə tarixə yazıldı. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz bölgədə sülh və sabitlik təmin etmək üçün fəal siyasət yürüdərək, Ermənistanı milli maraqlarımızı tanımağa məcbur etdi. 1992-ci ildən işğal altında olan Laçının azad olunması isə bu Qələbənin ən parlaq səhifələrindən biri oldu.
Laçın, strateji əhəmiyyəti ilə yanaşı, xalqımız üçün dərin mənəvi və tarixi önəmə malik bir bölgədir. 1992-ci ildə bu rayonun Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində 60 mindən çox insan öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. İşğalçı ölkə Laçını qanunsuz məskunlaşdırdı və bölgənin tarixi irsini sistematik şəkildə məhv etdi. Eyni zamanda, sülh danışıqlarında Laçının “dəhliz” kimi Ermənistana verilməsi tələb olunurdu.
Prezident İlham Əliyevin bu tələblərə qarşı qətiyyəti və prinsipial mövqeyi nəticəsində 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Ermənistanın bu cür iddialarını birdəfəlik bitirdi. Ermənistan ordusunun Laçını tərk etməsi və rayonun qan tökülmədən azad edilməsi xalqımıza qürur və sevinc bəxş etdi.
İşğaldan sonra Laçın tamamilə dağıdılmış və istismar olunmuş vəziyyətdə Azərbaycana qaytarıldı. Qəsbkarlığın izləri hər yerdə hiss olunur. Dini və mədəni abidələrimiz məhv edilmiş, ərazilərimiz minalanmışdır. İşğaldan azad olunan ərazilərdə basdırılmış minalar səbəbindən bu günədək 240-dan çox vətəndaşımız həyatını itirmiş və ya yaralanmışdır.
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti Laçında genişmiqyaslı quruculuq işlərinə start verdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Laçında müasir infrastruktur yaradılır, yeni yollar, yaşayış binaları, iaşə müəssisələri inşa edilir. Bu proses çərçivəsində keçmiş köçkünlərin öz doğma yurdlarına qayıdışı uğurla həyata keçirilir.
Bu gün Laçın, yalnız quruculuq meydanı deyil, həm də milli qürurun dirçəlişinin simvoludur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etdi və bu tarixi ədalətsizliyə son qoydu. Laçın yüksəkliklərində dalğalanan Azərbaycan Bayrağı xalqımızın birliyini, iradəsini və gələcəyə inamını əks etdirir.
Bir vaxtlar ümidlərimizin solduğu, həsrət qaldığımız bu torpaqlarda bu gün başıuca, qürurla gəzirik. Laçın, Azərbaycanın gücünün, dövlət siyasətinin və xalqın sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu tarixi Zəfər, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaqdır.
Günel QULİYEVA