Yeni ilin ilk günlərindən Qazaxıstan hadisələrinə geniş yer verən erməni mətbuatı həmin ölkədə sakitlik bərpa edildikdən sonra da öz uydurmalarından yenə əl çəkməyib və gülməlidə olsa belə bir fikir yayılır ki, Qazaxıstanda ixtişaşların yatırılmasında ermənilərin daha çox rolu olub. Qazaxıstanda 40 min erməninin yaşadığını və onların çoxunun sahibkarlıqla məşğul olduqlarını qeyd edən «İravunk» qəzeti isə əlavə edir ki, vəziyyətin sabitləşməsində məhz həmin ermənilərin böyük rolu olub. (?)
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskvadakı ilk görüşü də erməni mətbuatının aparıcı mövzularındandır. Rusiya xarici işlər nazirliyinin «Qəbul evi»nə Türk səfirinin gəldiyi maşında Türkiyənin dövlət bayrağı olduğu halda, Ermənistan nümayəndəsi Ruben Rubinyanı gətirən maşında Ermənistanın dövlət bayrağının olmaması ermənilər tərəfindən narazılıqla qarşılanır və bu barədə müxtəlif fikirlər irəli sürülür. Məsələn, milli demokratik «Qütb» təşkilatının idarə heyətinin üzvü, Ermənistanın Kanadadakı sabiq səfiri Ara Papyan jurnalistin sualını cavablandırarkən xüsusi vurğulayıb ki, Ermənistan nümayəndəsinin maşınında bayrağın olmaması həmin şəxsin təmsil etdiyi dövlətə ən azı saymamazlıqdır. Rusiya bununla demək istəyir ki, Ermənistan onun vassalıdır və Türkiyə kimi söz yiyəsi olan dövlətlə eyni çəkiyə malik deyil. Bayraq məsələsi digər siyasətçilər və ekspertlər tərəfindən də qabardılıb. Ruben Rubinyan isə bu müzakirələrin yersiz olduğunu bildirərək deyib ki, Türkiyə nümayəndəsi həmin görüşə Türkiyənin Rusiyadakı səfirliyinə məxsus xidməti maşınla, Rubinyan isə yaxın adamının şəxsi maşını ilə gəldiyindən bu müzakirə mövzusu olmamalı idi.
Yanvarın 17-də ənənvi işinə başlayan Ermənistan milli məclisinin bir az sonra qalmaqalla fasiləyə çıxması da erməni kütləvi informasiya vasitələrində müxtəlif cür hallandırılmaqdadır. Həmin gün birbaşa yayımla öz işinə başlayan milli məclisin iclasında «Hayastan» blokunun üzvü Hripsime Stanbulyan təmsil etdiyi blokun Türkiyə-Ermənistan münasibətlərinə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinə dair layihənin müzakirə olunmaması ilə bağlı narazılığını bildirmiş və «Yerkir.am1»-in yaydığı videoda Ruben Rubinyan hövsələdən çıxaraq ünvanına «Türkün agenti» ifadəsinin neçə vaxtdır işlədilməsinə qarşı kəskin münasibət bildirib. O deyib ki, narazı deputat xanımın soyadı özü türk mənşəlidir. İndi o özüdəmi türk agentidir? Əsəbi çıxışında tanışlıq xarakteri daşıyan ilk görüşdə heç bir məsələnin öz həllini tapmadığını deməsi və bunu qanunauyğun hesab etməsi «Hayastan» və «Şərəfim var» bloklarının digər nümayəndələrini də «cürətə gətirib». Buna cavab olaraq R.Rubinyan sədrlik etdiyi iclasın dayandırılmasını və tənəffüs olmasını elan edib.
Mübahisə tənəffüsdən sonra da davam edib. İqtidar nümayəndələri ilə müxalifət nümayəndələrinin bir-birini müxtəlif ifadələrlə təhqir etmələri gündəlikdə duran məsələnin yaddan çıxması ilə nəticələnib. Bu qarşıdurma barədə erməni politoloq Armen Aşotyan isə yazıb ki, R.Rubinyan Türkiyə-Ermənistan danışıqlarında nişangah idi, o, indi özünü türkün «Bayraqdarı» kimi göstərir. Bununla bağlı digər şərhdə isə qeyd olunur ki, R.Rubinyan türk səfiri ilə milli məclisin sədr müavini, yaxud siyasətçi kimi deyil, Ermənistanın xüsusi nümayəndəsi kimi dövlətin adından çıxış edir və ona qarşı müxtəlif mənfi fikirlər söyləmək dövlətin özünə qarşı saymamazlıqdır. Əksinə, tarixçilər, türkoloqlar R.Rubinyanı dəstəkləməli, əllərində olan tarixi sənədləri ona təqdim etməlidirlər ki, danışıqlar zamanı deməyə daha çox sözü olsun.
Prezidentimiz İlham Əliyevin yerli mətbuata verdiyi müsahibədə açıqladığı fikirlər isə həm də «Erməni qartalları. Birləşmiş Ermənistan» partiyasının lideri, «Erməni qartallar» könüllülər dəstəsinin komandiri polkovnik Xaçik Saroyanın doğrudan da psixoloji xəstəlik keçirdiyini üzə çıxarıb”. Cinayətkar X.Saroyan deyir ki, biz uduzmamışıq, müharibə isə bitməyib. Tezliklə Bakıda olacağıq. Erməni hərbiçinin bu sərsəmləməsi bir sıra sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Arciv Kirakosyan adlı istifadəçi yazır ki, sən hünərini müharibə vaxtı göstərəydin. İrəvandan Bakıya hədə-qorxu gəlməyin körpə uşağa yaraşan haldır. «Xaçik sən Bakıda ola bilərsən, amma qalib kimi yox, əsir kimi».
«Hraparak» qəzetinin 19 yanvar tarixli sayında dərc olunmuş «Azərbaycanlılar «arsaxlılara» zəng edərək sərfəli iş təklif edirlər» yazısında isə bildirilir ki, xeyli azərbaycanlı Xankəndidəki sahibkarlara zəng edərək onların kafelərini, marketlərini, mağazalarını sərfəli qiymətlə satın almaq istəyirlər və bildirirlər ki, vaxt ikən bizə satın, onsuz da oradan qaçmalı olacaqsınız. Belə bir halın baş verib-verməməsi məlum olmasa da hər halda erməni bicliyi özünü yenə də qabarıq göstərir.
«Joğovurt» qəzetinin 19 yanvar tarixli «Ölüm faktları niyə gizlədilir» sərlövhəli analitik yazısından isə Ermənistanda ayrı-ayrı nazirliklər arasında narazılığın olması məlum olur. Belə ki, koronavirusla bağlı verilən açıqlamalarda səhiyyə nazirliyinin dedikləri ilə Milli statistika xidmətinin dedikləri uyğun gəlmir və koronavirusdan ölüm hallarının araşdırılması ilə bağlı Baş nazirin tapşırıqlarının yerinə yetirilmədiyi açıq-aydın görsənir. Məqalədə bildirilir ki, bu və ya digər xəstəlikdən vəfat edənlər də koronavirus infeksiyasından vəfat etmiş şəxs kimi göstərilir ki, bu da əhali arasında həyəcanı daha da artarır.
Müdafiə Naziri S.Papikyanın yanvarın 22-də vaxtilə mətbuat xidmətinin rəhbəri olan qızla evlənəcəyi və bütün vəzifəli şəxslərin, o cümlədən dostu, Baş nazir N.Paşinyanın toyda iştirak edəcəyi də erməni mətbuatında özünə yer alıb. Bununla bağlı yazılan bir şərhdə isə rişxəndlə deyilir ki, Azərbaycanın müdafiə naziri artilleriya atəşləri ilə həmin toyu daha da yadda qalan edəcəkdir.
Nəsib QARAMANLI