02.03.2026, 16:16
AZ EN
02.03.2026, 14:36 23

Ermənilər sülh üçün zəmanət axtarır

XƏBƏRLƏR

 Nikol Paşinyan: Azərbaycan və Ermənistanın qaranta ehtiyacı yoxdur

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh quruculuğu prosesindən razıdır və hazırkı şəraitdə bu məsələdə onu narahat edən hal yoxdur.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Paşinyanın Polşadakı erməni icmasının nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə istinadən məlumat yayıb. Qeyd olunur ki, Baş nazir həmin görüşdə Ermənistan-Azərbaycan sülh prosesində birdən çox zaminin olmasının zəruriliyinə  dair fikirlərə də münasibət bildirib. O, deyib ki, Azərbaycanla sülh müqaviləsində birdən çox zaminin olması barədə danışılanlar həqiqətdən çox uzaqdır: "Mənim fikrimcə, bu, köhnə düşüncə tərzimizin nəticəsidir. Çünki de-yure öhdəliklərimiz üzrə qeydə alınmış təhlükəsizlik qarantımız var və bəzi hallarda əlavə zaminlərdən danışılarkən bu həqiqətlər unudulur. Əvvəllər regional problemlərlə qarşılaşdıqda ilkin reaksiyalarımız "kimə zəng etməliyik" sualı olurdu. Bu, bizim birinci, ikinci, üçüncü, dördüncü reaksiyamız idi, amma bir anda bunun səhv yanaşma olduğunu anladıq. Daxildə baş verən əsas siyasi dəyişiklik problemin bizim özümüzə aid olduğunu, yaxud öz problemimizə sahib dura bilmədiyimizi anlamağımızdır".

Paşinyan Polşadakı erməni icmasının nümayəndələrini inandırmağa çalışıb ki, Azərbaycana münasibətdə normallaşma prosesinin irəli aparılması və davamlı sülhün əldə olunması Ermənistanın daxilində milli düşüncədəki yanlışları aradan qaldırmaqdan başlayır. Onun sözlərinə görə, bu problemi həll etmək məhz hakimiyyət başında olan komandasının və bütövlükdə erməni xalqının məsuliyyətidir: "Getdik, ağrımızı ikiqat, bəzən üçqat, bəzən beşqat, bəzən onqat artırmaqla problemi həll etdik, çünki başa düşmüşdük ki, ağrı bizimdir, onu sağaltmalıyıq, bu ağrı başqalarına zərər vermir, bizə zərər verir. Buna görə də, anlayışımız budur ki, dünya, vəziyyət və problemimizi qavramaq, ona həll yolu tapmaq qabiliyyətinə malik olan biz özümüzün qarantıyıq".

Elxan SALAHOV

 

Oxşar xəbərlər