“Ərazidə baş verənləri, Ermənistan tərəfindən səslənən bəyanatlar, silahların Ermənistana ötürülməsinə dair olan informasiyaların hamısını bir yerə toplasaq, belə bir qənaətə gəlmək olar ki, Ermənistan intensiv bir şəkildə yeni və daha geniş miqyaslı təxribatlara hazırlaşır”.
Bunu hərbi ekspert Ədalət Verdiyev “ARB24”-ə açıqlamasında deyib. O xatırladıb ki, bunu daha əvvəl biz Laçın, Qarakilsə və Naxçıvan istiqamətində Ermənistan ordusunun yeni hərbi hissələr yaratması məsələsində də şərh etmişdik: “Həmin hərbi hissələrin silahlanmasına əsasən D20 və D30 toplarının daxil olduğu peyk görüntülərindən də görünür. Digər tərəfdən isə Ermənistanın kifayət qədər uzun bir müddət ərzində Naxçıvan və Kəlbəcər istiqamətində, hərdən də Laçın istiqamətində həm atəşkəsin pozulması, həm kəşfiyyat xarakterli PUA uçuşlarının həyata keçirlməsinə cəhdi, digər tərəfdən Avropa İttifaqının orda bir casus missiyası var. Onlar da tez-tez başlayıblar Azərbaycan sərhədlərində əllərində durbinləri, binoklləri ilə müşahidə aparmağa, bir-birinə çoxsayda təşəkkürlər etmələri, deməli, fəaliyyətdən ümumi istiqaməti eyni olduğuna görə sinxron şəkildə bir fəaliyyətlər var. Təbii ki, bunların son addımı, son məqsədi, bu silahlanmanın da, hərbi hissələrin yaradılması da Azərbaycana qarşıdır. Ermənistan bu raketi kim üçün alır? Türkiyəyəmi atacaq? Xeyir. İranamı? Xeyir. Gürcüstanamı? Xeyir. Kim qaldı ortada? Yalnız Azərbaycan. İndiyə qədər də almışdılar, indiyə qədər də silahları olmuşdu. Amma biz onlara başa saldıq ki, heç də silah gücünə Ermənistan Azərbaycan üzərində qələbə əldə edə bilməz. Bizim xəbərdarlıqlarımız Ermənistanın bu silahlanmasından çəkinmək mənasına gəlməməlidir. Biz xəbərdarlıq edirik. Ermənistan müharibə, təxribat hazırlıqlarından əl çəkməlidir. Əks halda nəticələr əvvəlkindən fərqli olmayacaq. Hindistandan film alıb baxa bilərlər, onlar film çəkməyi bacarırlar. Amma bu günə qədər Hindistan silahı dünyanın heç bir ölkəsində, heç bir münaqişənin gedişatına təsir edəcək imkanlarını nümayiş etdirməyib. Ümumiyyətlə, Hindistan bu silah bazarında yenidir. Ona, buna arxayın olmasınlar. Daha əvvəl də Ermənistan daim kiməsə arxayın olub. Çar Rusiyasına, sonra sovet Rusiyasına, sonra SSRİ-yə, indiki Rusiyaya və s. Bu müttəfiqləri zaman-zaman itirib. Sonra nə oldu? Gah İrana arxayın olublar, gah Fransaya, indi də Hindistana. Amma bu arxayınlaşmalar Ermənistana yalnız və yalnız bir sahədə kömək edə bildi ki, Ermənistanda mövcud olan müharibədə həlak olan gənc ermənilərin basdırıldığı pantionların, xiyabanların, məzarlıqların ərazisi böyüdə. Ermənistanın isə silahlandıqca Azərbaycana qarşı fəaliyyət göstərdikcə onun nəzarət etdiyi ərazilər daha da kiçilir. Bunu da nəzərə alsınlar, əsəbimizlə oynamasınlar. Velosipedlərin sürsünlər, nə istəyirlər sürsünlər. Amma bircə əsəbimizi başqa yerə sürməsinlər. Bu, təhlükəyə gətirib çıxarar”.
Tahirə AĞAMİRZƏ