29.12.2024, 02:58
AZ EN
28.12.2024, 10:24 416

Hayların bayramı qara gəlir

YAZILAR
  • "Hraparak"ın müxbiri Haykın Yeni il ərəfəsində bir neçə partiyanın funksionerləri ilə söhbətində 2024-cü ilin yaddaqalan olaylarından danışılıb.

"İşıqlı Hayastan" partiyasının sədri Edmont Marukyan deyib ki, başa çatmaqda olan il Ermənistan hökumətinin Qarabağdan köçən ermənilərin yerləşdirilməsi istiqamətində gördüyü işlərlə başlayıb. Hayların özlərinə xas saxtakarlıqla "zorla qovulmuş qaçqınlar" adlandırdığı həmin kütlənin nümayəndələri ilə özlərini yerli adlandıran gənclərin 2024-cü il yanvarın 7-də Üçmüəzzin kilsəsinin həyətində dava-dalaş salmasında müxalifətin də, hakimiyyətin də marağına uyğun olduğu qənaətinə gələn Marukyan sülh müqaviləsi ilə bağlı görülən işlərin də qeyri-qənaətbəxş olduğunu diqqətə çatdırıb. Deyib ki,  Azərbaycanın irəli sürdüyü məsələlər erməni cəmiyyəti tərəfindən qəbul edilmədiyinə görə sülh sazişinin 2025-ci ildə də bağlanmasına ümidi yoxdur.

"Daşnaksütyun" partiyasından deputat, parlament sədrinin müxalifətdən olan  müavini, amma bir ildən çox işə çıxmayıb etiraz aksiyalarına  rəhbərliyinə görə sözügedən vəzifədən çıxarılan İşxan Sağatelyan isə yenidən hakimiyyəti tənqid atəşinə tutaraq onu "hay xalqının mənafeyini satmaqda" günahlandırıb. Fikrini isə belə tamamlayıb ki, bu proses gələn il də davam edəcək və son nəticə Azərbaycanın istədiyi kimi olacaqdır.

2018-ci ildəki seçkilərə qədər parlamentin sədr müavini olan Eduard Şarmazanov həm özünün, həm də təmsil olunduğu "Hayastan respublikası "partiyasının hakimiyyətin" xəyanət  yolunu davam etdirdiyini" deyib.

Türkiyə prezidenti cənab R.T.Ərdoğanın baş nazir Nikol Paşinyana bağışladığı kitabın guya osmançılıq məfkurəsi ilə dolu olduğunu xüsusi vurğulayan Eduard Nikol Paşinyanın həmin kitabı qəbul etməsini də haylara xəyanət kimi dəyərləndirib. Bu da yunan kökənli siyasətçinin haydan daha betər iyrənc düşüncədə olduğunu isbatlayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz istədiyinə nail olacağına əminlik ifadə edən Eduard Şarmazanov növbəti ildə Ermənistan hökumətinin daha çətin duruma düşəcəyini, Azərbaycanın isə bu amildən bəhrələnərək yeni uğurlar qazanacağını xüsusi vurğulayıb. Yerigəlmişkən əlavə edək ki, bu belə də olacaqdır. Çünki Azərbaycanın Müzəffər Ali Baş Komandanı və qalib xalqı var.

Nəsib Qaramanlı

Oxşar xəbərlər