18.10.2024, 14:18
AZ EN
23.11.2023, 15:39 233

Qərbin qərəzçiliyi: saxta göz yaşları ardında...

YAZILAR
  • Son zamanlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanla bağlı sərgilədiyi mövqeyi hiddət doğurur. USAID daxil olmaqla bir sıra beynəlxalq təşkilat rəhbərləri Ermənistanın işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərə 30 il ərzində bir dəfə də olsun baş çəkmədilər, onların problemləri ilə maraqlanmadılar. Önəmli toplantılarında bu barədə söz danışmadılar, haqqı tapdalanan günahsız azərbaycanlıların haqq-ədalət səsini duymadılar, Xocalı sıyqırımını dilə gətirmədilər. Azərbaycan işğalçı Ermənistan üzərinə qələbə çalana qədər qulaqlarına pambıq tıxayaraq susdular...

Azərbaycana səfəri zamanı erməni təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərlə görüşməkdən belə imtina edən USAID-in rəhbəri Samanta Pauer indi  könüllü şəkildə Ermənistana köçən ermənilərə canıyananlıq edərək psixoloji yardım alması, ərzaq və sığınacaqla təmin olunması üçün  əlindən gələni edəcəyinə söz verir, necə deyərlər, dəridən-qabıqdan çıxır. Əslində isə əsas məqsəd tamamilə başqadır və şəxsi maraqlara, daha doğrusu, haqlı qələbəmizi həzm edə bilməyən ABŞ-ın və bir sıra ermənipərəst qüvvələrin maraqlarına xidmət edir. ABŞ administrasiyasında  müxtəlif vəzifələrdə çalışdığı dövrlərdən indiyə kimi Samanta Pauer  ermənipərəst siyasəti ilə  daim gündəmə gəlməyə çalışıb. Hətta Amerikanın xarici siyasətini təhlil edərək niyə bu vaxta qədər yalançı “erməni soyqırımı”na reaksiya vermədiklərini sorğulayıb. Görəsən, Pauer ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımını xatırlayıbmı? Əgər xatırlasaydı, bu gün Qarabağdan sağ-salamat, könüllü şəkildə köçmüş bir ovuc erməni üçün saxta göz yaşı tökməzdi...

Deməli, əksər qərbli siyasətçilər kimi, Samanta Pauer də yalançı iddiaları dəstəkləməyə,  indi “əzabkeş” maskası taxaraq dünyanı özünə acındırmağa çalışan işğalçı ermənilərə hamilik etməyə şəxsi maraqları sövq edir. Həqiqət isə ondan ibarətdir ki, USAID ermənilərə can yandırmır, sadəcə olaraq ermənilərdən alət kimi istifadə etməyə çalışır. Azərbaycana qarşı terrorçuluq fəaliyyətini maliyyələşdirməyə, qanunsuz silahlı birləşmələrin yaradılmasında iştiraka görə Dövlət Təhlükəsizli Xidməti tərəfindən həbs olunmuş və hazırda Azərbaycan həbsxanasında saxlanılan Ruben Vardanyanın təsis etdiyi USAID-ə Samanta Pauer rəhbərlik edir. Guya sözdə müharibədən əziyyət çəkmiş insanların təhsilinin və sağlamlığının qayğısına qalan bir fondun Ruben Vardanyan kimi bir cinayətkar tərəfindən təsis olunması bu fondun əslində hansı işlərlə məşğul olmasından xəbər verir. Amma Samanta Pauer nə qədər ermənilərə yarınmağa çalışsa da yenə də onların təqiblərinə məruz qalır: “Obama administrasiyasında çalışdığı vaxtlarda niyə saxta soyqırımları tanımayıb? Niyə Qarabağ ermənilərinin uydurma problemlərinə münasibətində yalnız “blokada”nı ittiham etməklə kifayətlənib?”. Göründüyü kimi, ermənilər öz nankor simalarını qərbli havadalarına da göstərir. Elə buna görə Samanta Pauer onların könlünü almaq üçün  gah üzülür kimi görünür, gah tələsir, sosial media hesabında onlarla selfi çəkdirib paylaşaraq onlara yeni yardımların ayrılacağını söyləyir. Amma Samanta Pauer anlamalıdır ki, zəhməti hədər olacaq... Çünki Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini təkbaşına icra etməklə beynəlxalq aləmə milli birliyimizi, saf niyyətimizi və hərbi qüdrətimizi göstərmişdir. Haqlı olduğumuz üçün kimsədən qorxumuz yoxdur və heç bir qarayaxma ləkələri də bizə yaraşmaz.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər