Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda keçirilən Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış və nəşr olunan “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimində deyib.
O çıxışında Prezident İlham Əliyevin İcmanın inzibati binasının açılışındakı tarixi çıxışını xatırladaraq, İrəvanın tarixi mərkəzinin ermənilər tərəfindən məhv olunmasına diqqəti çəkib.
Deputat kitabın nəşrini yüksək qiymətləndirərək bildirib ki, nəşrdə dünyanın müxtəlif arxivlərindən toplanmış sənəd, fotoşəkil, sübut və mənbə yer alır:
"Bu da dövlətin məsələ ilə bağlı haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Biz milli irsimizə sahib çıxmaqla yanaşı, onu beynəlxalq ictimaiyyətə elmi və tarixi əsaslarla, obyektiv şəkildə təqdim etməliyik".
Millət vəkili, Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirləri diqqətə çatdıraraq, bu il görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin, 2022-ci ildə İrəvan Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd olunmasını, eləcə də ötən il Aşıq Ələsgərin abidəsinin Bakıda açılışını bu sahədə atılmış mühüm addımlar kimi dəyərləndirib.
Deputat tezliklə Göyçədə Ağkilsə kəndində Aşıq Ələsgərin məzarının bərpa ediləcəyinə və abidəsinin ucaldılacağına əminliyini ifadə edib. (Report)