Bu sözləri politoloq Ramiz Alıyev Fransa Prezidenti Emmanuel Makronun Londonda Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində keçirilən mətbuat konfransında “Ermənistanı silahlandırmağımız normaldır” fikirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Fransanın Ermənistanı silahlandırması və bunu mücərrəd səbəblərlə “əsaslandırması” müəyyən dövlətçilik tarixi olan bir ölkənin rəhbəri üçün qəbuledilməzdir və bu yanaşma Parisin hələ də kolonializm siyasətini davam etdirdiyinin göstəricisidir: “Makron bildirib ki, “silahlanmaq istəyən suveren ölkənin başqa dövlətin təcavüzünə məruz qala biləcəyini hiss edərək onun müraciətinə cavab vermək normaldır”. Məgər Fransa kimi bir ölkənin iqtidarı, beyin mərkəzləri Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumunu analiz etmək qabiliyyətindən məhrum olublar? Azərbaycan Prezidenti İlham Əliyevin “münaqişə bitib, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur” fikirləri onlara aydın deyil. Paşinyan əgər qorxursa, gecələr narahat yatırsa, bu, Bakının günahı deyil və E.Makronun da elə bir mistik qabiliyyəti yoxdur ki, N.Paşinyanın içindəki qorxunu aradan qaldırsın. Təəssüflər olsun ki, artıq tarixə gömmüş ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa hələ də Azərbaycanın qələbəsini qəbul edə, yaratdığı reallıqlarla barışa bilmir. Makron bildirib ki, Azərbaycan son on ildə Ermənistandan qat-qat yaxşı silahlanıb. “Yanılmıramsa, 2020-ci ildə dəhşətli müharibəyə məhz Azərbaycan başlayıb” deyən Fransa Prezidentinə demək lazımdır ki, həqiqətən də yaddaşı onu aldadır. Azərbaycanın 20 faiz torpağını 30 ilə yaxın işğal altında saxlayan, qoşunların Qarabağdan çıxarılmasını tələb edən BMT-nin 4 qətnaməsini icra etməyən Ermənistan zəbt etdiyi ərazilərin bir qarışını belə könüllü qaytarmaq niyyətində olmayıb. Ermənistanın 30 il davam edən işğalına son qoymaq, ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Biz hərbi gücümüzü başqasının ərazisini işğal etmək üçün deyil, öz suverenliyimiz naminə gücləndirmişik. Bu gün bütün dünya, hətta Ermənistanın özü 86.6 min kvadratkilometrlik Azərbaycan ərazisini tanıyır. Belə olmasaydı, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar yaradılmazdı, sərhəddə dirəklər basdırılmazdı. Ermənistan bunu 2020-ci ilə qədər edə bilməzdimi? Bəs bu gün Ermənistana yeni hücum silahları nə üçün lazımdır? Azərbaycanın böyük bir ərazisini xarabalığa çevirən, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salan bir dövlət Makron tərəfindən sülhsevər ölkə kimi təqdim edilir. Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri bu ölkənin ləkəli beynəlxalq nüfuzunu daha da zədələyir”.
R.Alıyev əlavə edib ki, Fransanın Ermənistanı silahlandırması heç də onların erməni sevgisindən və tək Azərbaycana nifrətindən qaynaqlanmır: “Ermənistan İran və Rusiyaya qarşı poliqona çevrilir. Çinin Avropaya uzanan yolu üzərində Ermənistandan şlaqbaum kimi istifadə etməyə çalışırlar. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın da qeyd etdiyi kimi, Qərb dövlətləri Ermənistandan bir dəfə istifadə edib, lazımsız məhsul kimi tullayacaqlar. Fransanın Ermənistan siyasəti, həmçinin güclənməkdə olan Türk dünyasının əlaqələrini zəiflətmək, Türkiyəyə yeni problemlər yaratmaq məqsədi də güdür. İrəvan-Paris “mehriban bacıları”nın təhlükəli oyunları, antitürk, antiislam siyasətləri Ermənistana baha başa gələcək.
Paris Ermənistanın qonşuları ilə münasibətlərini nizama salmasını tormozlayır, inteqrasiyasını ləngidir. Eyni zamanda, Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır. Emmanuel Makron Azərbaycanın 2020-ci ildə müharibəyə başlama səbəblərini unuda bilər. Amma Fransa tarixi keçmişini – müstəmləkəçilik siyasətini heç vaxt unutmamalıdır. Əlcəzair, Vyetnam, Mərakeş, Cibuti, Çad, Qabon və Tunisdə milyonlarla dinc insanı qətlə yetirən Fransa bu gün xalqların müstəqillik ideyalarını boğur, azadlıqlarını əllərindən alır. Ötən gün Bakıda Korsika, Karib hövzəsi və Yeni Kaledoniya kimi Fransa koloniyalarının müstəqilliyini müdafiə edən qüvvələrin bir araya gəlməsi və Beynəlxalq Azadlıq Cəbhəsi yaratmaları Parisə ciddi siqnal olmalıdır. Paris repressiya yolu ilə adanın müstəqillik hərəkatını zəiflətsə də, onun kökünü kəsə bilməyib. Göründüyü kimi, Fransa Cənubi Qafqaza öldürücü silahlar göndərir, yeni qanlı müharibə üçün zəmin hazırlayır, Bakı isə əskinə. Fransanı hələ də müstəmləkə altında saxladığı xalqlara azadlıq, müstəqillik verməyə dəvət edir”. (AZƏRTAC)