22.11.2024, 19:20
AZ EN
24.06.2024, 16:15 232

Yaşıl enerjiyə yaşıl işıq

YAZILAR

 

İstehsalat sektoru həyatımızın əhəmiyyətli bir hissəsini təşkil edir. Gündəlik həyatımızın böyük bir parçası onun əmtəə və məhsulları, göstərdikləri xidmətlər ilə əhatə olunub. İstehlakçı olaraq bütün bunlardan istifadə edərkən çox güman ki, ağır sənayelər haqqında düşünmək ağlımıza belə gəlmir. Daha doğru ifadə etsək bunlarla həyatımızı daha yaxşı, daha rahat hala gətirməyə çalışarkən eyni şəkildə onun vurduğu ziyandan da xəbərsizik. Yük daşımaları, aviasiya və polad istehsalı, sement istehsalı və plastik istehsalçıları kimi digərlərinin fəaliyyəti  nəticəsində yaranan   karbon qazını “təmizləmək”  çox çətin işdir və bununla belə, qlobal emissiyaların ən böyük mənbələrindəndir.  Əlbəttə ki, imkansız deyil. Ən azından bu təsirləri minimum səviyyəyə qədər endirə bilərik. Aydındır ki, xalis sıfıra nail olmaq üçün  iqtisadiyyatda böyük dəyişikliklər və yeni texnologiyaların işlənib hazırlanması və yayılmasına əhəmiyyətli investisiyalar qoyulmalıdır. Vacib bir sual meydana çıxır: hansı texnologiyalar, hansı yanacaq mənbələri  bu sənayelərin karbon izini tez və iqtisadi şəkildə azalda bilər? Şəxsi avtomobillərin elektrikləşdirilməsində əldə edilən uğurları nəzərə alsaq, elektrikləşdirmə ilk müraciət limanıdır. Avropada ilk dəfə olaraq 2021-ci ilin dekabrında elektrik avtomobil satışları dizel analoqlarının satışını üstələdi və buna əsasən doldurma stansiyalarına güclü infrastruktur sərmayəsi, akkumulyator innovasiyası və yaxşı düşünülmüş subsidiya proqramları prosesin inkişafına təkan verdi.  Elektrikləşdirmə iqtisadiyyatın dekarbonasiyasında son dərəcə mühüm rol oynayıb və oynamağa davam edəcək, lakin onun əhatə dairəsi də sonsuz deyildir.

Son dövrlər üçün daha aktual olan digər bir vasitə yaşıl enerjidir. Nədir yaşıl enerji? Yaşıl enerji günəş işığı, külək və ya su kimi təbii resurslardan əldə edilə bilən istənilən enerji növüdür. Bu enerji ehtiyatlarının əsas cəhəti istixana qazlarının atmosferə buraxılması kimi amillərlə ətraf mühitə zərər verməməsidir. Enerji mənbəyi kimi yaşıl enerji çox vaxt günəş enerjisi, külək enerjisi, geotermal enerji, biokütlə və su elektrik enerjisi kimi bərpa olunan enerji texnologiyalarından gəlir. Bu texnologiyaların hər biri müxtəlif yollarla işləyir, istər günəş panellərində olduğu kimi günəşdən enerji alaraq, istərsə də enerji yaratmaq üçün külək turbinlərindən və ya su axınından istifadə etməklə.Yaşıl enerji sayılması üçün bir resurs, qalıq yanacaqlarda olduğu kimi çirklənmə yarada bilməz. Yaşıl enerji mənbələri, təbii qaz və ya kömür kimi təbii yanacaq mənbələrindən fərqli olaraq, adətən təbii şəkildə doldurulur, bunun inkişafı milyonlarla il çəkə bilər, lakin yaşıl mənbələr eko-sistemlərə zərər verə biləcək mədən və ya qazma əməliyyatlarından qaçır. Yaşıl enerji mənbələrində diqqətəlayiq kiçik bir məqam var ki, onu da vurğulamaq lazımdır. Təmiz enerji emissiyası vasitəsilə elektrik enerjisi istehsal edilir. Bununla belə, onun istehsalı və ya saxlanması bəzən “karbon xərcinə” səbəb ola bilər. Məsələn, bəndli su elektrik stansiyaları yaratmaq üçün təbii mühitlər təmizlənməlidir və onların tikinti işləri çox vaxt karbon emissiyası yaradır. Yaşıl enerji tamamilə təbii mənbələrdən gəlir, onların yaradılmasında və ya istifadəsində ətraf mühitə az və ya heç bir təsir göstərilmir. Onların hər ikisi yenilənə bilər, bu da onların tükənməsi mümkün olmayan bir mənbədən gəldiyini bildirir. Beləliklə, yaşıl enerji mənbələrinin əksəriyyəti bərpa oluna bilsə də, bütün bərpa olunan enerji mənbələri mütləq yaşıl hesab edilmir.

Bu gün bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı və ölkələrin fərdi olaraq qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” keçidini sürətləndirir. Pandemiya zamanı yaranan böhranlara baxmayaraq, təkcə 2020-ci ildə dünya miqyasında ümumi gücü 260 QVt-dan çox olan bərpaolunan enerji stansiyaları istismara verilib. Bu isə 2019-cu ildəki rekordu təxminən 50 faiz üstələyib. Danılmaz faktdır ki, “yaşıl enerji”dən istifadə insanların sağlamlığı üçün olduqca vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, dünyada hər il 13 milyondan çox şəxsin ölməsi havanın çirklənməsi ilə birbaşa əlaqədardır. İnsan tələfatının qarşısını almaq üçün “yaşıl” dünya əsas şərtdir.

“Yaşıl enerji” həm ekoloji, həm də iqtisadi baxımdan əlverişlidir. Həmçinin yeni texnologiyaların tətbiqi istehsalda, nəqliyyatda və məişətdə daha az enerji və maddi resurs istifadəsinə imkan verir. İllər öncə böyük texnoloji maşınlarla görülən işlər bu gün kompüter vasitəsilə rahatlıqla həll olunur. Bu da davamlı inkişafın əsasını təşkil edir.

Bu gün dövlətlər və onların vətəndaşları əllərindən gəldikləri qədər çalışırlar ki, bu işdə faydalı olsunlar. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı konfransları mütəmadi olaraq hər il keçirilir. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq,eyni zamanda hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi çıxış edir. Müzakirələr tərəflərin iştirakı ilə konfrans şəklində keçirilir və COP qısaltması da buna əsasən təyin edilmişdir (Conference of Parties). Tərəflərin əsas nəzər nöqtəsi qlobal istiləşmə istiqamətindədir.  İstixana qazlarının emissiyasının azaldılması yolları və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma, qlobal istiləşməni mümkün qədər 1.5 C-yə qədər məhdudlaşdırmaq üçüb görülən tədbirlər proqramın əhəmiyyətini ifadə edir. COP iqlim dəyişikliyi təhlükəsinə diqqət səviyyəsini yüksəltmək imkanı təklif edir ki, bu da özəl sektor, vətəndaş cəmiyyəti, sənaye və fərdlər olmadan dünyanın iqlim böhranı ilə adekvat şəkildə mübarizə apara bilməyəcəyini əks etdirir.  UNFCCC-nin icraçı katibi Saymon Stiellinin vurğuladığı kimi: “Qlobal istilik dərəcəsinin hər onda biri vacibdir. Hər il vacibdir. Hər seçim önəmlidir. Hər COP vacibdir” Son iki onillikdə davamlı olaraq böyüyən konfranslar indi Birləşmiş Millətlər Təşkilatı tərəfindən çağırılan ən böyük illik toplantılardır. Hörmətli şəxslər, dövlət və hökumət başçıları, o cümlədən on minlərlə hökumət nümayəndələri və vətəndaş cəmiyyəti, hökumətlərarası təşkilatlar, qeyri-hökumət təşkilatları və media nümayəndələri mütəmadi olaraq bu konfranslarda iştirak edirlər.

Dünyaca əhəmiyyətli bu layihəyə 2024-cü il üçün Azərbaycan ev sahibliyi edəcək. Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici ölkəyə gələcək. Azərbaycan Prezidenti İlham Əliyev də hökümətin COP29-la bağlı keçirdiyi ilk iclasda deyib ki, Bakı iki həftə ərzində təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Bu da konfransın nə qədər çox əhəmiyyət kəsb etdiyinin sübutudur. Bəs ev sahibi olaraq Azərbaycan hansı “yaşıl vədlər” irəli sürür?

Neft-qaz sənayesi ölkəsi olaraq bu tədbirdə Azərbaycanın  da məsuliyyəti böyükdür. Mümkün olduğu qədər  bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və qalıq yanacaqlardan uzaqlaşmaq yolu ilə iqtisadiyyatın dekarbonaziyasına sadiq qalınmalıdır. Hansı ki son illərdə görülən tədbirlərdə ölkə iqtisadiyyatını “yaşıl” istiqamətə çevirmək niyyəti açıqca bəlli olur. Prezident İlham Əliyevin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ hüquqi aktlar qəbul olunub ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununu (2021-ci il) mühüm yer tutur.

 

Mələkxanım ƏSGƏRLİ

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat”

fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 694 saylı qrup

tələbəsi

 

 

Oxşar xəbərlər