Politoloq Samir Hümbətov mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündə müəyyən razılaşmaların olduğu deyilir: "Amma hələlik bu deyilənlər tam şəkildə öz təsdiqini tapmayıb. Başqa bir məlumata görə isə ikinci bir görüşün Moskvada keçirilməsi gözlənilir. Məsələnin kökü ondan ibarətdir ki, Ermənistan bəlkə də hər hansısa bir razılaşmaya gedə bilər. Amma Ermənistanın daxilində olan və xarici qüvvələrə işləyən müəyyən qollar var ki, onlar prosesi fərqli istiqamətə dəyişə bilərlər".
Politoloq daha sonra əlavə edib ki, biz bu günə qədər görmüşük ki, danışıqlar prosesi istənilən formada başa çatdıqdan sonra ya Ermənistan və Azərbaycan arasındakı şərti dövlət sərhəddində, ya da Azərbaycanın Qarabağ bölgəsində və yaxud da Ermənistanda bu və ya digər formada təxribatlar baş verib.
Əslində düşünürəm ki, yenə də müəyyən gərginlik yarana bilər. Bəzi qüvvələr var ki, onlar sülh müqaviləsinin imzalanmasına qətiyyən razı deyillər və mümkün qədər prosesi pozmağa çalışırlar. Biz bilirik ki, bu prosesin pozulması üçün onlar əllərindən gələn hər addımı atacaqlar. O baxımdan hesab edirəm ki, əgər Ermənistanın daxilində hər hansı bir gərginlik yaranacaqsa və nəticədə də danışıqlar prosesi pozulacaqsa buna heç təəccüblənmək lazım deyil.
Sülh müqaviləsinin imzalanmasına təqribən 50 faiz ümidim var. Onsuz da bu proses uzun bir prosesdi. Bu bir günün və ya bir neçə ayın işi deyil. Bunun üçün Ermənistan konstitusiyasında dəyişiklik olmalıdır. Ərazi iddiaları ilə bağlı maddələr çıxarılmalıdır. Azərbaycanın təklif etdiyi 5 baza prinsipi isə xüsusi önəm daşıyır. Hər halda proseslərin gedişini gözləyək. Yəqin ki, Qərb ölkələrinin təsiri ilə Ermənistan sülh müqaviləsinə tam razı olmasa da, müəyyən bir irəliləyiş ola bilər. Amma tam şəkildə irəliləyişin olacağına inanmıram”, - deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ