“Təəssüflər olsun ki, bu günə qədər burda bəzi radikal ünsürlər və həmçinin separatçı terror təşkilatları da at oynadırdılar. Özəlliklə PKK-ya bağlı olan PHT-lərin, QHPQ-lərin Suriya ərazisində mövcudluğu müxtəlif radikal fundamentalist maraqların Suriya üzərindən başqa coğrafiyalara yayılmaq təhlükələri və tendensiyaları mövcud idi. Bundan sonra burda sivil, demokratik, dünyəvi bir hökumət daha da güclü bir formada təsis edilməlidir ki, Suriya xalqının ağrılarına, acılarına son qoyulsun”.
Bunu siyasi şərhçi Tural İsmayılov mətbuata açıqlamasında deyib.
T.İsmayılov qeyd edib ki, beynəlxalq güclərin Suriyada hər zaman maraqları olub. Bundan sonra da olacaq. Həmin qüvvələr çalışırlar ki, ölkə ərazisində öz mövcudluqlarını qoruyub saxlasınlar. Maksimum səviyyədə Suriya ərazisində öz maraqlarını təmin eləmiş olsunlar. Amma istənilən halda Suriya hökumətinin də, formalaşacaq yeni siyasi idarəetmənin də bu məsələlərdə daha ehtiyatlı olacağını düşünürəm. Bütün qüvvələrin yəqin ki, maraqları nəzərə alınacaq ki, Suriyada heç olmasa, bir müddət daha qalıcı, daha sabit bir idarəetmə formalaşsın.
Tahirə AĞAMİRZƏ