08.09.2024, 07:21
AZ EN
21.06.2024, 15:25 243

Fransanın Ermənistanı silahlandırması revanşist addımından xəbər verir

YAZILAR

Fransa Ermənistana 75 milyon avro həcmində kredit ayıracaq. “Sputnik Armeni”anın xəbərinə görə, bu barədə sənədin iyunun 26-da imzalanacağı planlaşdırılır.  Silah tədarükündən sonra bu, rəsmi Parisin İrəvana növbəti dəstəyidir. Ermənistanı həm pulla, həm də silah-sursatla şirnikləndirən BMT Təhlükəsizlik Şurasının  daimi üzvü olan bu ölkənin digər tərəfdən Azərbaycana nifrət püskürdüyü hər addımda hiss olunur. Beynəlxalq hüququn bütün prinsiplərini əlindən gəldiyi qədər pozan Fransanın bir sıra nümayəndəsinin prezident Makrona  Fransa qoşunlarını Ermənistana yeritmək çağırışı ilə bağlı müraciətindən sonra gərginlik daha da artıb. Fransanın “Le Point” nəşrinin yazdığına görə,  Fransa siyasətçiləri Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatları fəallaşdırmaq istəyini iddia edirlər. Onlar vəziyyəti Ermənistanın guya 1915-ci il “soyqırımı” zamanı üzləşdiyi, tamamilə məhv olmaq təhlükəsiylə müqayisə edərək təhlükəli hesab edirlər:“Biz Fransa silahlı qüvvələrini Ermənistana hücum etməyi planlaşdıranların qarşısını almağa yönələn dinc kontingenti qardaş ölkə olan Ermənistana göndərməyə çağırırıq”-, deyə Fransanın bir sıra tanınmış şəxslərinin Makrona ünvanladığı məktubda bildirilir. Bundan sonra  Fransanın Ermənistana özüyeriyən artilleriya sistemləri verəcəyi ortaya çıxdı. İrəvan və Paris arasında  özüyeriyən silahların tədarükünə  dair müqavilə də imzalanıb.

Fransanın Ermənistanla hərbi sahədə  əməkdaşlığı təbii ki, Azərbaycanı narahat edir. Çünki Ermənistan hələ ki, Azərbaycanla sülh sazişi imzalamayıb. Bundan başqa, Ermənistan konstitusiyasında dəyişiklik edilməyib və ali qanunvericilik aktında  hələ də Azərbaycana qarşı ərzi iddiaları yer alır. Bu isə Azərbaycan üçün təhdiddir. Belə vəziyyətdə rəsmi Bakının da tədbirlər görmək hüququ var.

Fransanın Ermənistanı silahlandırması erməni sevgisindən irəli gəlmir.  Sadəcə olaraq, İrəvandan Azərbaycana, Türk dünyasına qarşı maşa kimi istifadə etməyə çalışırlar. Rəsmi İrəvanı ölümcül hücum silahları ilə təmin etmək üçün az qala yarışa çıxan Fransa Ermənistanı yeni gərginlik və təhdid mənbəyinə çevirməyə çalışır. Politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın sülhə marağı olmadığı, real vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variantı kimi saxlamağa çalışdığı açıq-aydın ortadadır: “Qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri və digər rəsmiləri də sülh danışıqları ilə bağlı səsləndirdikləri fikirlərdə qətiyyən səmimi deyillər. Öncə də biz eyni danışıqların şahidi olduq və paralel olaraq Ermənistanın silahlandırılması istiqamətində addımlarını müşayiət etmişik. Eyni zamanda Fransa bölgəyə nüfuz etmək üçün Ermnistan vasitəsilə ənənəvi siyasətini davam etdirməkdədir. E.Makron bu xəttən əl çəkməyib. Fransanın xarici siyasəti iflasa uğrayıb. Erməni diasporunun səsinə ehtiyac duyulduğu üçün belə bir addım atıla bilər və paralel olaraq da şübhəsiz,  bu həmçinin sağçı qüvvələrinin Fransanın xarici siyasətdə uğradığı uğursuzluqlarla bağlı səsləndirdiyi fikirlərə qarşı bir adekvat addım kimi qiymətləndirilə bilər. Atılan son addım isə ondan ibarətdir ki,  Ermənistana hücum silahları verilir və  Azərbaycan da daha öncə səs xəbərdar etmişdi ki, Ermənistana verilən silahlar müdafiə xarakteri deyil, hücum silahları olacaqsa, o zaman təbii ki,  rəsmi Bakı bu istiqamətdə adekvat addımlar atacaq”.

Cənubi Qafqazda yeni gərginlik yaratmaq sülh və sabitliyə mane olmaq, Ermənistanı silahlandırmaq və maddi dəstək göstərmək istiqamətində yürütdüyü məkrli siyasət BMT Təhlükəsizlik Şurasının  daimi üzvü olan Fransanın əməllərinə ziddir. Azərbaycan müharibədən sonra bölgədə sülhü təşviq etdiyi halda,  Fransanın bu məsələyə Ermənistanı müharibəyə sürükləməklə və onu silahlandırmaqla  cavab verməsi rəsmi Parisin revanşist addımlarından xəbər verir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər