Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, rəsmi Bakı və Aşqabad arasında münasibətlər yüksək səviyyəyə çatmasında birmənalı olaraq Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasəti həlledici rol oynayır. Dövlətimizin başçısının qətiyyətli liderliyi sayəsində Azərbaycan yalnız regionda deyil, beynəlxalq müstəvidə də etibarlı tərəfdaş kimi tanınır və yüksək nüfuz qazanır.
"Azərbaycan Prezidentinin Türkmənistanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi, dövlət başçıları arasında formalaşmış qarşılıqlı hörmət və siyasi harmoniyanın nəticəsidir ki, bu gün iki qardaş ölkə arasında çoxşaxəli əməkdaşlıq daha da genişlənir.
Xüsusilə enerji sahəsindəki əməkdaşlıq – 2021-ci ildə “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə edilən razılaşma – təkcə iqtisadi deyil, siyasi baxımdan da qarşılıqlı etimadın mühüm göstəricisidir. Nəqliyyat və logistika sahəsində, o cümlədən Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının kəskin artması bu əlaqələrin konkret nəticələr verdiyini sübut edir. Azərbaycan şaxələndirililmiş nəqliyyat kommunikasiyası sayəsində Türkmənistanın təbii ehtiyatlarının, xüsusilə təbii qazın Avropa bazarlarına çıxarılmasında mühüm rol oynaya bilər. Artıq bu istiqamətdə qarşılıqlı müsbət fikir birliyinin şahidi oluruq.
Eyni zamanda, iqtisadi sahədə müşahidə olunan artım tendensiyası – 2024-cü ildə 383 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi və cari ilin ilk aylarında bu dinamikanın davam etməsi – iki ölkənin qarşılıqlı maraqlara əsaslanan real tərəfdaşlıq modeli qurduğunu nümayiş etdirir.
Parlamentlərarası əməkdaşlıq da bu münasibətlərin mühüm sütunlarından biridir. Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi arasında imzalanmış Anlaşma Memorandumu qanunverici orqanların da əməkdaşlığa verdiyi töhfəni göstərir",- deyə G.Ağamalı vurğulayıb.
Deputat əlavə edib ki, Türk Dövlətləri Təşkilatının fəal üzvü olan Azərbaycan Türkmənistanın bu platforma çərçivəsində rəsmi üzv kimi təmsil olunmasında maraqlıdır. Çünki vahid türk ailəsi müasir qlobal çağırışlara adekvat reaksiya vermək kontekstində olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu əməkdaşlıq təkcə siyasi deyil, həm də mədəni, humanitar və sosial sahələrdə özünü göstərir.
Azərbaycanla Türkmənistan arasındakı münasibətlər regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir. Əminik ki, bu strateji tərəfdaşlıq gələcəkdə daha da möhkəmlənəcək, ortaq tariximizin və dəyərlərimizin işığında daha böyük uğurlara imza atacaq. (AZƏRTAC)