“Yaşıl maliyyə”nin razılaşdırılmış vahid tərifi yoxdur. “Yaşıl maliyyə” maliyyə alətləri və mexanizmləri vasitəsilə dayanıqlı təsirləri olan və ekoloji mühitin qorunmasına yönəldilən layihələrin işlənib hazırlanması, təşviqi, reallaşdırılması və dəstəklənməsi üzrə banklar, maliyyə institutları, biznes subyektləri, dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən bütün təşəbbüslərin məcmusu kimi adlandıra bilərik. “Yaşıl maliyyə”nin reallaşdırılması üçün xüsusi maliyyə alətlərindən istifadə edilir ki, bunlardan biri də məhz yaşıl istiqrazlardır.
Yaşıl istiqrazlar ətraf mühitə müsbət təsir edən layihələrin maliyyələşdirilməsi üçün istifadə edilən sabit gəlirli investisiya növüdür. Bu layihələri göstərilənlərlə məhdud qalmasa da, aşağıdakı kateqoriyalara bölə bilərik:
2008-ci ildə ilk dəfə yaşıl istiqrazlar Dünya Bankı tərəfindən buraxılmışdır. Dünya Bankının Yaşıl İstiqrazı iqlim dəyişikliyini azaltmağa və ya iqlim dəyişikliyinin təsirinə məruz qalmış ölkələrə buna uyğunlaşmasına kömək etməyə çalışan uyğun layihələrin həyata keçirilməsi məqsədilə Dünya Bankının kreditləşməsini dəstəkləmək üçün sabit gəlirli investorlardan vəsait toplayır. 2008-ci ildən bəri Dünya Bankı 28 valyutada 220-dən çox yaşıl istiqraz vasitəsilə 19 milyard ABŞ dolları həcmində vəsait toplamışdır. Dünya Bankının Yaşıl İstiqrazları yüksək keyfiyyətli kredit sabit gəlirli məhsul vasitəsilə iqlim həllərinə investisiya etmək imkanıdır.
Faiz dərəcələrinin aşağı düşməsi gözləntisi, bu sahədə şəffaflığın, müqayisəliliyin və etibarlılığın artırılması üçün Avropa Bankı tərəfindən yeni qaydaların tərtibinin gözlənilməsi gələcəkdə yaşıl istiqrazlara olan tələbatın daha da artacağına dəlalət edir. Eyni zamanda yaşıl istiqrazların vergidən azad olması və ya müəyyən güzəştlərin olması investorların ənənəvi istiqrazlardan yaşıl istiqrazlara yönəlmələrini stimullaşdırır.
Yaşıl istiqraz hər hansısa bir hökumət,korporasiya tərəfindən buraxıla bilər. Yaşıl istiqrazın həqiqətən “yaşıl” olduğunu müəyyənləşdirmək üçün 3-cü tərəf subyektlər tərəfindən yoxlanılır.
Yaşıl istiqrazlarla yanaşı mavi istiqrazlar və iqlim istiqrazları anlayışı da vardır. Mavi istiqrazlar və yaşıl istiqrazlar əhatə etdiyi layihələrə görə fərqlənirlər. Mavi istiqrazlar okean və onunla bağlı ekosistemləri qoruyan layihələrin maliyyələşdirilməsi üçün istifadə olunan maliyyə alətidir. Bu istiqrazlar davamlı balıqçılıq, mərcan riflərinin və digər kövrək ekosistemlərin qorunması, yaxud çirklənmənin və turşulaşmanın azalmasını dəstəkləyən layihələrin maliyyələşməsində istifadə edilə bilərlər. Bütün mavi istiqrazlar yaşıl istiqrazdır, lakin bütün yaşıl istiqrazlar mavi istiqraz deyil.
İqlim istiqrazı və yaşıl istiqraz terminləri bəzən bir-birlərini əvəz etmək üçün istifadə olunur. Son vaxtlarda isə iqlim dəyişikliyinin qarşısının alınması və karbon emissiyalarının azaldılması ilə bağlı layihələrin maliyyələşməsində istifadə olunan istiqrazlara iqlim istiqrazları deyilməyə başlanmışdır.
Beynəlxalq təcrübədə yaşıl istiqrazların davamlı iqtisadiyyatın formalaşdırılması üçün nə qədər əhəmiyyətli olduğu sübut olunmuşdur.
İlk nümunə kimi inkişaf etməkdə olan ölkələr arasında ilk dəfə yaşıl istiqraz emissiya etmiş Fici dövlətini misal göstərə bilərik. 870 000-dən çox insanın yaşadığı Ficinin 300 vulkanik adasına siklonlara və daşqınlara qarşı çox meyilli olan alçaq atollar daxildir. 2016-cı ildə qeydə alınmış Cənub yarımkürəsində ən intensiv tropik siklon olan "Uinston" tropik siklonu Ficinin üzərindən birbaşa keçdi. Bu səbəbdən iqtisadi itkilər ölkənin ÜDM-nin demək olar ki, üçdə birinə bərabər idi. Sakit okeanın bütün ada dövlətləri kimi, Fici də iqlim dəyişikliyinin təsirinə qarşı olduqca zəifdir: 2050-ci ilə qədər iqlim dəyişikliyinə görə regionun 10 milyon əhalisinin 20 faizə yaxını məcburi köçkün ola bilər.
Fici hakimiyyəti 2017-ci ildə yaşıl istiqraz emissiya etməklə 100 milyon Fici dolları (50 milyon ABŞ dolları) məbləğində vəsait toplamışdır. Bu vəsaiti yaşıl istiqraz prinsiplərinə əməl etməklə iqlim dəyişikliyinə qarşı dözümlülüyü inkişaf etdirən layihələrə yönəltmişdir.
Əlavə olaraq qeyd edim ki, Ficinin o zamanki baş naziri Frank Bainimarama həm də COP23-ün prezidenti olmuşdur.
2020-ci ildə Misirin 750 milyon dollarlıq yaşıl istiqrazı Yaxın Şərq və Şimali Afrikada birinci olub. O, həmçinin təmiz nəqliyyat və davamlı su idarəçiliyinə investisiyalar üçün vəsait də yığdı. Əsas layihə Qahirə Monorelsdir. Bu monorels gündə bir milyondan çox sərnişin daşımaq qabiliyyətinə malik olacaq. Sistem nəqliyyat vasitələrinin ölümü və xəsarətlərini azaltmaqla yanaşı, karbon emissiyalarını və yol nəqliyyatlarını azaldacaq və tikinti zamanı 4000-ə qədər iş yerinin və 450 daimi iş yerinin yaradılacağı nəzərdə tutulub. Bond həmçinin 16,9 milyon insanın faydalandığı davamlı su və tullantıların idarə edilməsi layihələrinə investisiyaları maliyyələşdirirdi.[7]
İqtisadiyyatını yaşıllaşdırma səyləri ilə tanınan Kolumbiya 2021-ci ildə Latın Amerikasının ilk yaşıl istiqrazını yerli valyutada (Kolumbiya pesoları) verib. 511,4 milyon ABŞ dolları ekvivalenti olan istiqraz Environmental Finance-in Bond Awards 2022 tərəfindən ilin suveren yaşıl istiqrazı adlandırıldı və davamlı su idarəçiliyi sahəsində 27 investisiya layihəsini dəstəkləyir; ekosistem xidmətləri və biomüxtəlifliyin qorunması; bərpa olunan enerji; və boqota metrosunun ilk xəttinin maliyyələşdirilməsi də daxil olmaqla, təmiz və davamlı nəqliyyat.
Son dövrlərdə Çin yaşıl istiqraz bazarındakı fəaliyyətinə görə fərqlənir. 2023-cü ilin dördüncü kvartilində qlobal yaşıl istiqrazların satışı 104,76 milyard ABŞ dollarından 108,24 milyard ABŞ dollarına yüksəldi. Çin bu dövrdə ABŞ və Almaniyanı keçərək yaşıl istiqraz emitentliyində birinciliyə yüksəlmişdir. Oktyabr-dekabr aylarında 21,83 milyard ABŞ dolları həcmində yaşıl istiqraz emissiya etmişdir. Bu gedişatı Çin müdafiə edə bilər, çünki Çin iqtisadiyyatı davamlılıq məqsədi üçün “yaşıl” maliyyəyə söykənir.
Əfsuslar olsun ki, Azərbaycanda yaşıl istiqraz nümunəsi çox zəifdir. Sadəcə 2023-cü ildə Rabitəbank tərəfindən 10 milyon manatlıq yaşıl istiqraz buraxılmışdır, hansı ki, bu qiymətli kağızlar ətraf mühitin qorunmasına və yaşıl iqtisadiyyatın inkişafına sərf olunması məqsədilə buraxılmışdır. Bununla belə 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi ölkəmizdə ekoloji sağlamlığın qeydinə qalınmasının nümunəsidir. Həmçinin Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.[10]
Beləliklə, Yaşıl iqtisadiyyatın inkişafında yaşıl istiqrazların əvəzolunmaz rolu vardır. Yaşıl istiqrazlar ekoloji layihələrin maliyyələşməsi üçün ən uyğun vasitə olmaqla yanaşı hökumət orqanlarının, korporasiyaların və investorların ekoloji məsuliyyətini artırır. Ölkəmizdə yaşıl iqtisadiyyata keçid yaşıl istiqrazların istifadəsi ilə sürətlənə bilər.
İstifadə edilmiş mənbələr:
İsmixan TALIBOV
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 694 saylı qrup tələbəsi
talibovismixan@gmail.com