17.09.2024, 00:51
AZ EN
03.06.2024, 16:10 262

NATO-nun Ermənistanda keçirdiyi hərbi təlimləri yalnız siyasi xarakter daşıyır

YAZILAR
  • NATO və Ermənistan arasında son dönəmlərdə müdafiə sahəsində əməkdaşlığın  genişlənməsi diqqətdən qaçmır. Elə ötən həftəsonu Alyansın İrəvanda növbəti təlimini başa vurması bu amilin sübutudur. Sınaq təlimi çırçivəsində mütəxəssislər  NATO standartlarına müvafiq  strategiyalar təqdim edir. Vurğulamaq yerinə düşər ki, Alyansın son dönəmlərdə intensivləşən əməkdaşlığı bir sıra suallar meydana çıxarır, üstəgəl prosesin  əsas qayəsində NATO standartlarına uyğunlaşdırmaq məsələsi, diqqətin daha çox bu istiqamətə yönəlməsinə səbəb olur. Alyans və İrəvan arasında münasibətləri təhlil edən ekspertlər düşünürlər ki, indiki halda gücləndirilmiş əlaqələrin əsas hədəfi Rusiyadır. Məlumdur ki, Kremlin 102-ci hərbi bazası İrəvanda hələ də fəaliyyət göstərir. Görünən odur ki,  Ermənistan Rusiyanın hərbi təsirindən  çıxmaqda qərarlıdır.

Politoloq Əli Zülfiqaroğlu məsələ ilə bağlı “ARB-24”-ə açıqlamasında deyib ki, həm Rusiya, həm də Qərb tərəfindən Ermənistana ciddi şəkildə təzyiq olunur. Ona görə də Ermənistan çalışır ki, hansısa tərəfdən birmənalı şəkildə imtina etməsin və hər iki tərəflə əməkdaşlığı inkişaf etdirsin: “NATO-nun Ermənistan ordusunu inkişaf etdirməsi, yaxud da Ermənistan ordusunun NATO sisteminə keçməsi, eyni  zamanda Ermənistanın hansısa dönməmdə NATO-ya üzv olması hesab edirəm ki, mümkünsüzdür. Ona görə də NATO-nun Ermənistanda keçirdiyi hərbi təlimləri yalnız siyasi xarakter daşıyır. Ermənistan bununla göstərmək istəyir ki, Qərblə əməkdaşlıqda maraqlıdır”.

Digər tərəfdən həm Ermənistan rəhbərliyi, həm də rəsmləri ordu sahəsində son dönəmlərdə genişləndirilmiş tədbirlərə müharibə aləti kimi baxılmadığını bildirirlər. Hətta baş nazir son açıqlamalarının birində bu məsələni qabardaraq bildirib ki, hazırda  Ermənistanın müdafiə sahəsində güclənməsinə sülh üçün ehtiyac var. Unutmaq olmaz ki,  ordu quruculuğu ölkənin  müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir və düzgün aparılmadığı halda  ölkə ciddi təhdidlərlə üzləşə bilər. Bu baxımdan sözügedən proses beynəlxalq təcrübəyə əsaslanmalıdır. Görünən odur ki, İrəvan  müdafiə sistemində dünya təcrübəsindən yararlanaraq hərbi sahəsini Azərbaycanla bərabər səviyyəyə çatdırmağa çalışır. Ekpertlər isə hesab edir ki, bu proses üçün Ermənistana ən azından 20 il vaxt lazımdır.

“Vətən müharibəsində və ondan sonrakı bütün dövrdə keçirilən əməliyyatlarda və antiterror tədbirlərində toplam olaraq Ermənistanın itkiləri 11 milyard manatın üzərindədir”. Bunu hərbi ekspert Ədalət Verdiyev açıqlamasında söyləyib.  Ekspert qeyd edib ki, belə olan halda Ermənistanın hərbi balansını bərpa etmək üçün ən azından sadalanan rəqəmin iki qatında, yəni 22-25 min Ermənistana vəsait lazımdır ki, bu itirdiyi vsitələri bərpa edə bilsin: “Onların yerinə bir şeyləri alıb ordusunun texniki təchicatını avadalıqla, vasitələrlə tamamlaya bilsin. Yaxın 10 ildə Ermənistanın ordu sahəsində balansını müharibədən əvvəlki  vəziyyətə gətirməsini mən gözləmirəm”.

Qeyd edək ki, son dəfə mayın 29-31-də NATO hərbi polisinin təlimatçılığı ilə Ermənistan müdafiə nazirliyində həmkarlarına təlim keçib. Xatırladaq ki, bundan öncə erməni hərbi həkimlər Alyansın himayəsi altında Macarıstanda keçirilən  beynəlxalq təlimlərdə iştirak edib. Hərbi sınaqlara 32 ölkənin bölmələri və 7 mülki təşkilat qatılıb. Bundan başqa, NATO müdafiə təhsili sahəsində də İrəvanla əməkdaşlığı gücləndirib. Hətta hərbi təhsil sistemi istiqamətində islahatları artırmaq məqsədilə Alyans və Ermənistan arasında 2025-ci il üçün fəaliyyət planı tərtib edilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər