15.03.2025, 00:33
AZ EN
28.07.2022, 17:15 474

Ermənistanda iqtisadi tənəzzül güclənir

YAZILAR
  • 44 günlük müharibədəki acı məğlubiyyətindən hələ neçə 10 illər özünə gələ bilməyəcək Ermənistanın siyasi burulğanlar içərisində öz iqtisadiyyatını da məhv etdiyi açıq-aşkar görünür.

2 ay yarımdan çox etiraz aksiyaları keçirən və nəhayət, sıraları tam seyrəldikdən sonra ermənisayağı manevr edərək Paşinyanın istefasına avqust ayının 2-dən yeni fonda başlayacağını elan edən müxalifət iyulun 29-da saat 19:30-da mitinq keçirərək öz tələblərini davam etdirəcəyini bildirir. Ölkədə, xüsusilə İrəvanda şaiyələr də artmaqdadır. İyulun 27-də Karen Demirçiyan adına İrəvan metropolitenində yenidən bomba olması barədə müvafiq orqanlara anonim zənglər daxil olmuş, bu mühim nəqliyyat vasitəsi 10 gün əvvəl olduğu kimi yenə də bir neçə saat dayandırılmışdı. Aparılan yoxlamalar zamanı zənglərin əsassız olduğu üzə çıxmış və metropolitenin mətbuat katibinin dediyinə görə, xüsusi xidmət orqanları anonim zəng sahiblərini müəyyənləşdirilməsi işində hələ də müsbət nəticəyə nail olmayıblar və belə getsə, «bomba zəngi» artacaq.

Baş nazir N.Paşinyanın bütün iclaslarda ölkədə iqtisadi durumun son 4 ildə yaxşılaşmasını bəyan etməsinə baxmayaraq müxalif qəzetlər, xüsusilə «Hraparak» və «Joğovurt» baş nazirin dediklərinin həqiqətə uyğun olmadığı barədə məqalələr dərc etməkdədir. «Joğovurt» qəzeti demək olar ki, hər sayında «Paşinyanın yalanları» sərlövhəsi altında silsilə yazılar dərc edir. Sözügedən qəzet 28 iyul tarixli sayında bu yalanların artıq 57-ci hissəsini oxuculara çatdırıb. Qəzet Ermənistanın ikinci prezidenti Robert Koçaryanın 2014-cü ildə irəli sürdüyü fikirlərin bu günlə tam həmahəng olduğunu da vurğulayır. Qəzetin yazdığına görə, R.Koçaryan o vaxt deyib ki, son dövrlərdə müxtəlif müavinət, pensiya fondlarında ciddi vəsait itkisinə yol verilib. Bununla yanaşı belə halların yenə baş verməyəcəyinə dair hökumətin heç bir tədbiri yoxdur. Həmin itkiləri əvəzləmək üçün Ermənistan hakimiyyətində kifayət qədər vəsait olmayıb və olmayacaq da. Qəzet əlavə edir ki, həmin vaxt baş nazirin postunu Tiqran Sarkisyan tuturdu və o, qısa vaxt ərzində özünə bir neçə yerdə daşınmaz əmlak almışdı.

Erməni mətbuatı daşınmaz əmlak alınmasında iqtidar nümayəndələrinin sayının getdikcə çoxaldığını da bildirir. «Joğovurt» qəzetinin 26 iyul tarixli sayında «Deputat ər-arvadın daşınmaz əmlakları hardandır?» sərlövhəli məqaləsində göstərilir ki, «Vətəndaş müqaviləsi» fraksiyasının ər-arvad deputatları Lena Nazaryan və Narek Babayan Kotayk (Dərəçiçək-red.) vilayətində xeyli həyət­yanı sahəsi olan yeni ev alıb. Qəzet əlavə edir ki, Narek Babayan 2021-ci ilin iyununda keçirilən növbədənkənar seçkilərə qədər Ermənistanın daşınmaz əmlak komitəsinin rəhbəri olub və görünür, həmin vəsait məhz o dövrdə ələ keçirilib. Paşinyanın keçmiş iqtidarı tənqid edərkən onları talançı adlandırması da erməni müxalifətinin və bir sıra müstəqil ekspertlərin daimi mövzularından olmaqla göstərilir ki, 2018-ci ildən bu yana iqtidardakılar özlərindən əvvəlkilərdən daha çox vəsait mənimsəyiblər.

«İravunk» qəzeti isə baş naziri və komandasını iqtisadi tənəzzülü dərinləşdirməkdə ittiham etməklə yanaşı xarici vətəndaşların respublikaya gələrkən aeroportdan başlamış hər bir yerdə soyulduqlarını iddia edir. Qəzet «Turistlər yenə soyulur» sərlövhəli yazısında göstərir ki, ölkəyə gələn turistlər, o cümlədən, xaricdə yaşayan amma istirahət üçün vətənə gələn ermənilərdən taksilərdə, kafe-restoranlarda və otellərdə yerli vətəndaşlarla müqayisədə daha çox pul alınır ki, bu da həmin adamların Ermənistana sevgisini get-gedə azaldır.

«Hraparak» qəzeti «Türkiyə «Zəngəzur dəhlizi»ni «Turan yolu» adlandırıb» sərlövhəli yazıda Türkiyənin «Sabah» qəzetinə istinadən bildirir ki, Türkiyə-Azərbaycan ticarət dövriyyəsi ildə 4,5 milyard dollar təşkil edir. Türklər «Zəngəzur dəhlizi»ni «Turan yolu» kimi görürlər və belə proqnozlaşdırılır ki, «Turan yolu» istifadəyə verildikdən sonra Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard dollardan çox olacaq, həm də Çinin irəli sürdüyü «Bir xətt, bir yol» layihəsi həyata keçəcək, Türkiyə birbaşa orta Asiyaya və Çinə giriş əldə edəcəkdir.

Məqalə müəllifi bu yazısında da qonşu dövlətlərlə Azərbaycanın və Türkiyənin arasının vurulmasına yönələn fikirlər irəli sürür. Bildirir ki, sözügedən yol istifadəyə verildikdən sonra Gürcüstandan və İrandan keçən yola ehtiyac qalmayacaq və bu, hər iki ölkədə narazılıqlar yaradacaqdır.

Qəzetin başqa bir məqaləsində isə İran səfirliyinin yeni ofis aldığı göstərilir. Qeyd olunur ki, İranın Ermənistandakı səfirliyi Avan qəsəbəsində Ruzanna Sarkisyanın mülkiyyətində olan daşınmaz əmlakı satın alıb və özəlləşdirib. Müəllif bunu həm də Ermənistan-İran dostluğunun növbəti nümunəsi kimi dəyərləndirərək İranın iqtisadi dəstəyinə baxmayaraq ölkədə tənəzzülün durmadan dərinləşdiyini həyacanla şərh edir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR