Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov məsələ ilə bağlı mətbuata açıqlaçasında bildirib ki, artıq kütləvi informasiya vasitələrində Paşinyanın bu çıxışı barədə məlumatlar yayılıb: “Hətta erməni ekspertlər bildirirlər ki, Ermənistan Baş naziri Nikol Paşinyan vəziyyəti tam qəbul etmiş hesab edilir. Güman ki, yaxın günlər ərzində 4 kənd Azərbaycana qaytarılacaq. Sosial mediada həmin kəndlərdən insanların çıxarılması ilə bağlı da kadrların paylaşıldığı görünür. Yerdə qalanların aqibəti isə – 3 kənd Qazaxdan, 1 kənd Naxçıvandan – yaxın zamanlarda məlum olacaq. Təbii ki, Qazaxın 3 kəndinin yerləşdiyi strateji mövqe Ermənistan üçün bir az gərgin hesab olunur. Çünki kəndlərin ərazisi İrəvan-Tbilisi avtomobil yolunun üzərində yerləşir, bu da Paşinyanın tərəddüd etməsinə səbəb olur”.
Politoloq daha sonra əlavə edib ki, N.Paşinyan həmin 3 kəndi də qaytarsa, bəlkə danışıqlar zamanı bəzi məsələləri diqqətə almaq olar: “Məsələn, Azərbaycan Ermənistanın Gürcüstana keçidini hansısa formada nəzərə ala bilər. Əvəzində təbii ki, orada Zəngəzur dəhlizinin işləkliyi məsələsinin də gündəmə gəlməsi mümkündür. Bu şeylər baş verməsə, Azərbaycanın həmin əraziləri tam şəkildə nəzarətə götürməsi legitim haqqıdır. Fikrimcə, Paşinyan və onun komandası daha dərin, real, praqmatik düşünə bilirsə, müharibə həddinə gətirib çıxaran addımlar atmayacaq. Qısa müddət ərzində həmin əraziləri boşaldıb Azərbaycana qaytaracaq. Burada kənar güclərin də Paşinyana təsir mexanizmləri var. Onlar bu prosesi pozmasalar, real addımlar atıla bilər. Amma Paşinyana bir formada təsir edib onu bu məsələdə geri addım atmağa vadar edərlərsə, proses uzana və ya Azərbaycanın həmin ərazilərə müdaxilə etmək haqqını legitimləşdirə bilər”, - deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ