"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın anklav kəndlərlə bağlı məsələnin həllinə dair irəli sürdüyü təkliflər Azərbaycan üçün qəbuledilməzdir: “Erməni mənbələrinə görə, Baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib. Bu, mümkün deyil. Həmin strateji yüksəkliklər ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, bu yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır".
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır: "Sərhədyanı zonada yerləşən həmin kəndlər boşdur, Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur. Amma Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq. Buna baxmayaraq, Paşinyan 4 kənddən alver predmeti kimi istifadə edərək həmin ərazilərin qaytarılması qarşılığında nəsə qazanmağa çalışır. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil”.
Xatırladaq ki, 1992-ci ildə Ermənistan ordusu Qazax rayonuna daxil olan 7, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun isə 1 kəndini işğal edib. Həmin kəndlərin ərazisi aşağıdakı kimidir:
Yuxarı Əskipara - 8.6 kv. km,
Aşağı Əskipara - 9.1 kv. km,
Baganıs Ayrım - 40 kv. km,
Barxudarlı - 10.1 kv. km,
Sofulu - 22 kv. km,
Qızılhacılı - 11 kv. km,
Xeyrimli - 4.1 kv. km.
Kərki (Naxçıvan MR) - 19.2 kv. km.
Elxan SALAHOV