Bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.
“Xatırlamaq lazımdır ki, Fransa Afrikada kolonial siyasətini bu günə qədər davam etdirir. Amma hazırda rəsmi Parisin Afrikadakı mövqeləri zəifləyib. Fransa Nigerdən, Brunika-Fasodan, Malidən, hətta Qabondan da qovulmağa başlayıb. Bilirik ki, Fransanın Ermənipərəst mövqeyi hər zaman olub və bundan sonra da davam edəcək. Bugünkü vəziyyətdə Parisin meri, ermənipərəst mövqeyi ilə tanınan Ann İdalqonun humanitar yarım karvanı şousuna qoşulması, sözün əsl mənasında Fransa və fransızlar üçün biabırçılıqdır. Çünki bu ölkədə baş verən proseslər, hazırkı vəziyyət dünyada müzakirə mövzusudur. Belə olan halda, A.İdalqonun ortaya düşməsində əsas məqsəd erməni lobbisinin dəstəyini qazanmaqdır. Nəticədə isə o, qarşıdakı dönəmdə prezident seçkilərində iştirak edərək ölkə rəhbəri olmaq niyyəti güdür. Əlbəttə, bu da onun öz ambisiyalarını həyata keçirmək üçün atdığı addımdır. Əgər Fransa bölgə ilə bağlı həqiqətən də narahatlıq keçirirsə, o zaman tərəflərə eyni münasibəti göstərməlidir”, - deyə politoloq qeyd edib.
O əlavə edib ki, Emmanuel Makron çıxışlarında Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına çalışdığını qeyd edir. Amma bu deyilənlərə baxmayaraq, rəsmi Parisin əməlləri dedikləri ilə üst-üstə düşmür, çünki o, tərəflər arasında balansı qorumur. Birinci Qarabağ müharibəsindən bu günə qədər 4 minə qədər azərbaycanlının taleyi barədə məlumat yoxdur. Vətən müharibəsi zamanı ərazilərimizin işğaldan azad olunmasından sonra isə kütləvi məzarlıqlar aşkar edilir. Bu məzarlıqlar işgəncələrlə öldürülüb, basdırılan azərbaycanlılara aiddir və demək olar ki, mütəmadi şəkildə aşkarlanır.
“Digər vacib məsələlərdən biri də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayiş etdirdiyi qərəzli mövqedir. Komitənin bu günə qədər ikili yanaşma ortaya qoyması, Ermənistanın və separatçı rejimin mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir. Baş verən proseslər dünyada Azərbaycana qarşı çirkin oyunların aparılmasının bariz nümunəsidir. Təbii ki, ölkəmiz bütün mənfi çağırışların qarşısını alır. Qarşıdakı dönəmdə də dövlətimiz bu məsələdə prinsipial mövqeyini qoruyaraq, Ermənistanın, ona dəstək verən qüvvələrin, xüsusilə də Fransanın, BQXK-nın ölkəmizə qarşı hər hansı təhdid yaratmasına imkan verməyəcək. Amma onların atdığı addımlar bölgəyə sülh və barış deyil, müharibə gətirə bilər”, - deyə politoloq vurğulayıb. (AZƏRTAC)