“Vətən səsi” xəbər verir ki, bir neçə gün əvvəl “Laçın dəhlizinin blokadasına son qoymaq” şüarı altında uydurma tələblərlə etiraz aksiyalarına başlayan ermənilər bu cür tədbirlərin miqyasını genişləndirməyə çalışır, ABŞ hökumətinin xarici siyasət idarəsinin nümayəndələrinə yol taparaq onları Azərbaycana qarşı yönəltmək istəyir. Təəssüf ki, bu cür erməni fitnakarlığı bəzən özünə yer tapa bilir. Belə ki, Qarabağdakı separatçı-revanşistlərin fitnəsinə uyan Los-Anceles erməniləri ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndəsi Adam Şiffdən Ermənistana getməsini və Qarabağ ətrafında yaranmış vəziyyət barədə beynəlxalq ictimaiyyəti şəxsən məlumatlandırmasını tələb edirlər.
Erməni mətbuatının yaydığı məlumata görə, güclü diaspora malik hayklar bu gün Kaliforniya ştatının Qlendeyl şəhərindən Burbank şəhəri istiqamətinə avtomobil yürüşü keçirib. Onların maşınları Ermənistan bayrağı və Xankəndindəki separatçı-terrorçu rejimin əski parçaları ilə “bəzədilib”. Etirazçılar həmçinin “Həyat yolunu aç”, “Artsaxda soyqırımı dayandır”, “Adam Şiff, bizi görməməzlikdən gəlmə” yazıları olan plakatlar qaldırıblar. Maraqlıdır ki, ABŞ polisi də şəhərin həmin hissəsində nəqliyyatın hərəkətini iflic vəziyyətə salan ermənilərin bu qanunsuz və təxribatçı hərəkətlərinə göz yumub.
Laçın yolunun açıq olduğu halda Qarabağda yaşayan ermənilərin Ermənistana gedib-gələ bilməməsindən narahat olan Los-Aceles haykları Qlendeyl-Burbank avtomobil yolunu bağlamaqdan belə, çəkinməyiblər. Onlar hətta bir qədər uzağa gedərək ABŞ konqresmeni Adam Şifflə görüş tələb ediblər.
Xatırladaq ki, artıq 4 gündür Amerikanın müxtəlif ştatlarında və şəhərlərində yaşayan erməniləri Qarabağ ətrafında oynanılan “humanitar yardım” şousuna dəstək aksiyaları keçirərək Azərbaycana qarşı qarayaxma kamaniyası aparırlar.
Elxan SALAHOV