“Vətən səsi” xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. O qeyd edib ki, maşın karvanının Ermənistandan Laçına doğru yola salınması Azərbaycanla razılaşdırılmayıb. Buna görə də rəsmi Bakının Qarabağdakı erməni əhalisinin təminatının Ağdam yolundan həyata keçirilməsi təklifi dəyişməz olaraq qalır: “Laçın postundan keçə bilməyəcəklərini Ermənistan da bilir, buna baxmayaraq, yük maşınlarını Laçın postuna göndərmələri “Azərbaycan humanitar yardımların keçidinə imkan vermir” rəyini yaratmağa hesablanıb. Dövlət Sərhəd Xidməti bu təxribatın hazırlandığına dair hələ bir hün əvvəl məlumat yaymışdı. Bu TIR-ları günlərlə sərhəddə saxlayacaq və bunun ətrafında kampaniya aparacaqlar”.
Politoloqun fikrincə, Qarabağdakı separatçıların da “mülki ermənilərin” Laçın postuna doğru yürüşünü təşkil edəcəyi istisna olunmur: “Azərbaycan bu “humanitar yardım” şousuna ərzaq və digər ləvazimatların yükləndiyi TIR-ları Ağdam yoluna toplamaqla cavab verə bilər. Həmçinin, Ağdam yolunda humanitar yardım mərkəzləri qurula, erməni əhalisinə “istədiyinizi buradan əldə edə bilərsiniz” çağırışları edilə bilər".
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistandan gələk nəqliyyat vasitələrinin “Laçın” postundan keçidinə icazə verilməyəcəyini, humanitar yardımların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib. Ekspert deyib ki, Azərbaycan hökumətinin qəti mövqeyindən sonra Ermənistan tərəfinin 400 ton “humanitar yardım”la yüklənmiş TIR-ları Qarabağa çatdırılmasına qərar verib və həmin yük karvanı sərhədlərimizə cəmləşdirilməsi siyasi manipulyasiyadan başqa bir şey deyil: “Ermənistan tərəfi və separatçılar bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışırlar”.
Elxan SALAHOV