24.04.2025, 19:03
AZ EN
22.05.2023, 12:44 270

Elşad Mirbəşiroğlu: "Rəcəb Tayyib Ədoğanın iqtidarı dövründə Türkiyənin qazandıqlarını sadalamaqla bitirmək olmaz"

YAZILAR
  • May ayının 14-də qardaş Türkiyədə keçirilən prezident və parlament seçkilərində ölkənin fəaliyyətdə olan prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi partiyası üstünlük əldə etdi.

İyirmi ildən artıq müddətdir ki, davam edən üstünlüyünü qoruyub, saxladı. Nəzərə almaq lazımdır ki, Türkiyə cəmiyyəti həssasdır, reallığı qiymətləndirməyi, obyektiv dəyər verməyi bacaran bir cəmiyyətdir”. Bu sözləri mətbuata açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

O, qeyd edib ki, Türkiyə cəmiyyəti 20 ildir  Ərdoğanı və onun partiyasını dəstəkləyirsə, deməli, cənab Ərdoğanın türk xalqı qarşısındakı xidmətləri yüksək qiymətləndirilir: "Bu, bir reallıqdır ki, son 20 ildə Türkiyə öz tarixinin ən yüksək inkişaf nöqtəsinə çatdı. Türkiyə Cümhuriyyət tarixinin heç vaxt olmadığı qədər müstəqil oldu.

Hər zaman daxildə fəaliyyət göstərən müxtəlif siyasi dairələr, güclər vasitəsilə Qərb Türkiyəni öz maraqlarına uyğun yönləndirməyi bacarıb. Ərdoğan hakimiyyətə gəldikdən sonra isə Türkiyə yalnız öz milli maraqlarına uyğun siyasi fəaliyyəti həyata keçirməyə başladı. Ərdoğana qədər Türkiyə bazarları idxaldan birbaşa asılı idi. Türkiyənin sənayesi çox zəif inkişaf etmişdi, müvafiq olaraq da, beynəlxalq bazarlarda təmsilçiliyi zəif idi. Belə olan halda təbii ki, ölkənin siyasi həyatına da təsirlər edilirdi. Amma Rəcəb Tayyib Ərdoğan Türkiyədə hakimiyyətə gəldikdən sonra hazırda dünyanın elə bir bazarı yoxdur ki, Türkiyə sənayesinin istehsalı olan məhsulları orada tapmaq mümkün olmasın. Dünyanın hər bir yerində Türkiyənin diplomatik təmsilçiliyi mövcuddur. 81 ölkədə seçki məntəqələrinin qurulması da bir daha ona dəlalət etdi ki, Türkiyədə həm də olduqca geniş diplomatik şəbəkəyə malikdir.

Türkiyə həm də özünün tam müstəqil hərbi sənayesini formalaşdırıb".

Millət vəkili daha sonra vurğulayıb ki, bu gün Türkiyənin hərbi sənayesi dünyanın ən güclü hərbi sənayelərindən hesab edilir. Bu sənayeninin istehsal etdiyi məhsullar dünya bazarlarına fəal şəkildə çıxarılmaqdadır və çox böyük tələbata sahibdir: "Ərdoğanın iqtidarı dövründə Türkiyənin qazandıqlarını sadalamaqla bitirmək olmaz. Bu baxımdan hesab edirəm ki, qardaş Türkiyə xalqı Ərdoğanın Türkiyə üçün fəaliyyətinin davam etdirilməsinə səs verəcək. Türkiyə Ərdoğanın dövründə dünyada öz mövqeyini daha da möhkəmləndirdi. Ayrıca olaraq Türkiyə türk-İslam dünyasında həmrəyliyin əks etdirilməsinin hərəkətverici gücünə çevrildi. Bu baxımdan Ərdoğanın növbəti dəfə Prezident seçilməsi bütün türk və İslam dünyası üçün olduqca vacibdir.

Dünyada çox gərgin proseslər cərəyan etməkdədir. Cənab Ərdoğanın mövqeyi də ondan ibarətdir ki, dünyada hər kəsin səsi eşidilməlidir. Bu baxımdan hesab edirəm ki, bu seçkilərdə Ərdoğanın qazanması bütün dünyada sabitlik və təhlükəsizliyin təmin olunması imkanlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Hesab edirəm ki, may ayının 28-də Ərdoğan inamlı qələbə qazanacaq",-deyə deputat bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər