Bu söhbəti eşidəndən hələ də düşünürəm – görəsən, dağların doğrudan da qoxusu var, yoxsa kəlbəcərli qoca sadəcə bir mübaliğə işlədib?
Ancaq ona əminəm ki, insan bir şeyin həsrəti ilə yanıb-qovrulduqca onu daha dərindən duymaq imkanı qazanır. Əslində, şərqin sufi dünyagörüşü bu məntiq üzərində qurulub. Nə qədər yanırsan, o qədər təmizlənirsən və təmizləndikcə Tanrı dərgahına yaxın düşürsən.
Bir də görürsən, bacıdı qardaşını, oğuldu atasını, anadı övladını həddindən artıq çox istəyir və onun başına gələcək hadisələri altıncı hissi ilə əvvəlcədən duyur. Sanki əzabı çox çəkdiyi üçün, Tanrı ona müəyyən sirli zolaqlara girmək icazəsi verir.
Deyirlər, Tanrının heç nəyə ehtiyacı yoxdur, məncə əzabkeş insana ehtiyacı var.
İsa Məsihi də bu ehtiyacdan xəlq etdiyini düşünürəm.
Tanrının xoşuna gəlməyən isə maddi sevgiləri mənəvi sevgilərin ayağına verməkdir. Ona görə, dində dünyəvi sevgilərə xeyli məhdudiyyət qoyulur.
Dağlar bizim insanda asanlıqla ifrata varılacaq sevgilərdəndir. Lakin bu sevgidə nə qədər ifrata varsan, küfr kimi görünmür. Çünki dağlar həm də mənəvi varlıqdır. Elə bu səbəbdən bizim düşüncəmizdə dağlar insanın özü kimidir. Onun gözü, qulağı, yaddaşı var: görür, eşidir, xatırlayır. Qəzəblənir, incidir, rəhm edir.
Və bütün bu komponentləri varsa, qoxusu da var dağların!
Zəngəzur dağlarına qar yağıb.
Dağlar sehrlidir – boynumuza alaq!
Dağların ayrılığı Aran yerləri kimi deyil. Dadı-tamı fərlidir. Doğrudur, vətən-vətəndir, onun dərəsi-təpəsi olmaz, lakin şəxsən mən düzənliyi insan kimi hiss eləməkdə çətinlik çəkirəm. Düzənlik məndə insanın tərk etdiyi bir məkan obrazı yaradır. Dağlar isə vüsalın özüdür.
Gəncliyimin ən şaqraq illərini Füzulinin, Beyləqanın və Ağcabədinin düzənliklərindən üfüqdə ağappaq ağaran Kirs dağına baxa-baxa keçirmişəm. Hər dəfə ağlımdan tanınmış el şairi Məzahir Qarakeçdinin aşağıdakı misraları keçib:
Gözümə görünən göz dağı kimi,
O dağın o üzü bizim vətəndi.
Çıxart dəsmalını bir ağız ağla,
Bu dərd göz yaşısıəz çətin ötəndi,
O dağın o üzü bizim vətəndi!
Təbii, Aşıq Ələsgərin misraları da könül rübabıma mizrab çəkib:
Ağ xalat bürünər, zərnişan geyməz,
Kimsəni dindirib kefinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar...
Ustadın sözünə inansam da, nədənsə dağlara yazığım gəlib. Onu yad əllərdə əsir qalan ağ saçlı ana kimi xatırlamışam. Düzü, nə vaxtsa o uzaqların, o ucalıqların, o əlçatmazlıqların bütünlüklə azad olunacağına inanmamışam. Ona görə köhnə dəftərlərimdəki rəsmlərdə dağları həmişə qanlı caynaqlarda, tikanlı məftillərdə, əfi ilanların ağzında təsvir eləmişəm.
İndi azaddır dağlarımız. O caynaqlar, o tikanlı məftillər, o əfi ilanlar vətənimizdən biryolluq çəkilib gedib. Dağlara yazığım gəlmir daha. Hər yay onun üzünün gül-gül, çiçək-çiçək, ləçək-ləçək güldüyünün şahidi oluram.
Haradan sevirik dağları, niyə sevirik, nə qədər sevəcəyik? Cavabı yoxdur bu sualların. Yüz illərdir sənət aləmində meydan sulayan rəsm əsərlərinə elə yüz illərdir izah verirlər. İzah verdikcə sirri azalmaq əvəzinə artır. Onları əbədi eləyən də getdikcə dərinləşən sirdir.
Əslində isə heç bir gözəlliyin axıracan izahı yoxdur. Dağların da eləcə. Baxırsan, baxırsan, doymursan. Çünki qüdrətin əli ilə nəqş olunub. Bizi yaradan hikmət onu da yaradıb. Biz dağlarla fitrətən qohumuq. Xəmirimiz bir yerdəndir. Ona görə həsrəti ağır, vüsalı şirindir. Axıb çayına, çürüyüb torpağına, buxarlanıb dumanına qarışmaq istəyirsən.
Tolstoy “Hacı Murad” əsərində qəhrəmanın yaşadığı coğrafiyanı da oxucusuna tanıtmaq istəyir və hadisələrin gedişində arabir belə bir refren işlədir: “Uzaqda da dağlar!”
Yaxında, uzaqda, fərqi yoxdur, hamının arxa çevirməli dağları olmalıdır. Başqa cür yaşaya bilməz insan. Dağları olmayan ölkələri oğulsuz evlərə bənzədirəm. Bədbəxt deyillər, lakin necəsə bir dad, bir tam, bir güvən əskikliyi var.
Dağlar şeirimizdə ən çox müraciət olunan mövzulardandır. O, gözəlliyi, nəhəngliyi, mistik-magik əhvalı ilə yanaşı həm də şairlərin güman yeridir. Ona şikayətlənirlər, dərdlərini söyləyirlər, dizinə baş qoyub ağlayırlar.
Görün şair Sücaət nə yazır:
Dostum, yarım keçir gendən,
Dərdim artır günü-gündən,
Məni qəmdən, qəmi məndən,
Al, ay dağlar, al, ay dağlar!
Zəngəzurun başqa bir rəvan təbli şairi Mehdixan Kəlbəcərli baxın:
Deyəsən, ayrılıq zamanı çatıb,
Gözlərim, doyunca bax bu dağlara.
Bahar buludutək niyə solmusan,
Süzül bu dağlara, ax bu dağlara,
Gözlərim, doyunca bax bu d ağlara...
Ələsgərdən, Səməd Vurğundan üzübəri bu nə nisgildir belə, nə fəryaddır?
Qaçqınlıq bir yana, payızda saralanda da qüssələnirlər, qışda qar yağanda da. Yazda-yayda isə cənnətə bənzədib başına pərvanə kimi dolanıblar. Çeşməsini ayrı, meşəsini ayrı, ceyran-cüyürünü ayrı vəsf ediblər.
Bir azərbaycanlının mənəvi dünyasını dağlarsız təsəvvür etmək mümkün deyil. Vətənimizi bu gün yumruq kimi bütövləşdirən ən başlıca amil budur. Dağlar bizim üçün həyat-məmat məsələsidir. Otuz illik ayrılıq göstərdi ki, biz onsuz yaşaya bilmərik. Dəlidağın, Murovun, Qırxıqızın, Kirsin həsrətini Şah dağı, Baba dağı, Bazardüzü ovutmaz. Əksinə, bura baxıb oraları yada salmışıq, itirdiyimizin həsrətinə daha çox göynəmişik.
Tanrı bizi dağlarımızdan bir də heç vaxt ayırmasın.
Qüdrətdən səngərli, qalalı dağlarımızdan!