26.12.2024, 20:55
AZ EN
03.07.2023, 11:05

Laçın şəhərində anladığım həqiqət

Şərif AĞAYAR

Vətən ziyarətindən birinci yazı

  • Qələbədən sonra Laçına ilk gedəndə keçmiş dəhlizi gecə vaxtı keçdik, buna görə, ətrafda qaranlıqdan və təkəm-seyrək işıqdan başqa heç nə görünmürdü. Bizim maşın karvanın önündə gedirdi. Sülhməramlıların postuna çatanda xeyli gözləməli olduq. Qayğı qəsəbəsinin üstündən – Fətəlipəyə kəndi yaxınlığından Zabxun üstünə qədər sülhməramlıların müşayiəti ilə hərəkət etdik. Laçın şəhərini, demək olar ki, hiss eləmək mümkün deyildi. Yalnız buraları tanıyan adam harada olduğunu ehtimal edə bilərdi. 

Bildiyiniz kimi, Laçın rayonu tariximizə qızıl hərflərlə yazılan 2020-ci ilin 1 dekabrında müharibəsiz-döyüşsüz azad edildi. Şanlı ordumuzun Şuşa qalasına bayraq sancmasından sonra düşmən bizim şərtlərə əməl etmək məcburiyyətində qaldı.

Mən Laçına rayonun azadlığından təxminən dörd ay sonra – Novruz bayramı ərəfəsində gedirdim. Hava mülayim idi. Nəfəs aldıqca o doğma təmizliyi, saflığı axtarırdım. Amma göz görməyincə konsentrasiya bir az çətinləşirdi.

Həm də zarafat deyildi, aradan düz 27 il 8 ay keçmişdi...

İstər-istəməz bu yerləri son dəfə necə gördüyümü xatırladım. Hərbi maşınlar... Tanklar... Əsgərlər... Bir çaxnaşma... Bir vurnuxma... Camaatın içində dəhşətli bir vahimə vardı. Xüsusən Qayğı qəsəbəsindən keçəndə bu vahimə artırdı. Necə də artmasın? Çayın o üzü ermənilərdir. Əllərində silah gəlib düz gözlərinin qarşısından keçən maşınları izləyir, kefləri istəyəndə atəş açırdılar. Laçından yalnız bircə yol gəlirdi, o da ilan boğazından keçirdi. Bu yolu bağlamaq, son ümid pəncərəsini tıxamaq olardı. Bağladılar da. Qayğı qəsəbəsindən gediş-gəliş kəsilən kimi rayon mühasirəyə düşdü. May ayında Kəlbəcər yolu ilə gəlmək haradasa imkansız idi. Ona görə adamların bir çoxu ev-eşiyini və mal-qarasını atıb sadəcə əllərində bir zənbil pay-piyada yola düşmüşdülər.

Yaşlı insanlar belə yerdə Allah göstərməsin deyir. Doğrudan da indi xatırlayanda sövq-təbii bu sözü söyləyirsən. Amma həm də o ağır günlərin sözün bütün mənalarında tarixə qovuşduğunu anlayırsan. 

Laçının bayram ziyarətindən gündüz qayıtdıq, ona görə şəhəri görə bildik. Bu dəfə sülhməramlıların postunda daha çox gözlədik. Adamlar tıncıxır, deyinir, bəzən söyüş söyürdülər. Yeganə təsəllimiz üzümüzə gələn üç ildə alternativ yol salınmaqla şəhərin azad edilməsi idi. Düzü, mən buna çox da inanmırdım. Çünki Laçın suverenliyimizin son və ən mühüm halqası idi. Düşmən işi yubada bilərdi. Həm də erməni tərəfin söz verib sözündən qaçdığını az görməmişdik. Lakin indi əlimizdə qələbə kimi ciddi bir üstünlük vardı.    

Elə bu səbəbdən yol kənarında gözə dəyən kasıb-kusub ermənilərin görkəminə və duruşuna baxanda burdan tezliklə köçüb gedəcəklərini duymaq olurdu. Onların evləri də amanabənd tikilmişdi. Özgə torpağında yerləşdiklərinin fərqinə varmışdılar. 

Laçın şəhəri çox dağılmamışdı. Hər küçəsini, hər məhəlləsini asanlıqla tanımaq olurdu. Xüsusən “Köhnə poçt”a – Şuşadan və Qubadlıdan gələn yolun birləşib şəhərə daxil olduğu məşhur dairəyə qədər qalxan dolamalar olduğu kimi qalmışdı. Məşhur “Ana heykəli”ni götürmüşdülər. Abidəyə qalxan pillələr dururdu amma. Maşından düşüb dırmaşmaqdan ötrü ayaqlarım sızıldadı. Amma olmazdı. Sülhməramlılar nəinki yerə düşməyi, hətta maşını saxlamağı da qadağan etmişdilər. Hətta pəncərədən çəkiliş aparmağa da mane olurdular. Bu da ayrı bir dərd idi. Xüsusən şəhər sakinləri üçün. Təsəvvür elə, evinin yanından keçirsən, lakin nə rahat baxmağa, nə də fotosunu, yaxud videosunu çəkməyə ixtiyarın var... Etsən də gizlicə... Sıxıla-sıxıla...

Belə götürəndə heç kimi qınamaq olmurdu. Vəziyyət hələ də təhlükəli idi. Ətraf səni özünə qan düşməni hesab edən məğlub insanlarla doludur. Qanlı müharibə üç-dörd aydır bitib...

İki il sonra eyni yolu gedirik. Bu dəfə ermənilərlə yolumuz Qayğı qəsəbəsindən yuxarı qısa bir keçiddə kəsişir. Körpünün üstündən onlar hərəkət edir, altından biz. Həm də dayanmadan, yubanmadan, hətta maşının sürətini azaltmadan...

Sərhəddə üzbəüz hər iki ölkənin bayraqları sancılıb. Erməni və rus əsgərləri az gözə dəyir. Bunun qarşılığında Azərbaycan bayrağı və Azərbaycan əsgər hər yerdədir. Körpünün altında, üstündə, yolun ətrafında. Körpünün sağ tinində sərhəd-keçid məntəqəmiz qurulub. Artıq otuz il əvvəlki qorxudan, iki il əvvəlki narahatlıqdan əsər-əlamət yoxdur.

Körpünü keçib azca yuxarıdan – Həkəri boyu çəkilmiş təzə yolla Laçın şəhərinə tərəf dönürük. Burula-burula Qayğı qəsəbəsinə dırmanan narahat yoldan canımız qurtarıb. Həkərinin ensiz dərələrində çayla yolun kontrastından qəribə gözəlliklər yaranıb. Sular ram olmaq istəmir, sağa-sola kükrəyib yolu bağlamaq istəyir. Ətrafda işləyən texnika çayın daşıb ətrafı basmaq kimi qorxulu şakərinə yaxşı bələd olduğu üçün bəri başdan tədbir görür.

Hələ şəhərə çatmamış güclü tikinti getdiyini hiss edirsən. Yan-yörəndən elə hey yüklü maşınlar keçir. Balaca maşınların da ardı-arası kəsilmir. Laçın yolu qan damarı kimi döyünür. Ucqar kəndlərə və geniş yaylaqlara köçən ev və köç maşınları da burdan keçir. Onlar Həkərinin yeni salınmış körpüsündən sola, şəhərə gedənlər sağa dönür. Biz şəhərə baş çəkəcəyik deyə altdan yuxarı dikləşən yola buruluruq.

Artıq Laçındayıq...

Az qala bir qərinə sonra tam azadlığına qovuşan doğma şəhərdə...

Həkərinin sahilində geniş bulvar salınıb. Güclü tikinti gedir. Yük və iş maşınları qarışqa misalı qaynaşır. Texnikanın səsi çayın səsini batırıb. Hamı bir-biri ilə salamlaşır, hal-əhval tutur. Tanımayanlar belə... Tanıyanlar isə yüngülcə ayaq saxlayıb bir-birinə gözaydınlığı verir: “Həmişə vətəndə!”   

Mənim doğulub böyüdüyüm kənd Laçın şəhərinin mərkəzindən 60 km şimaldadır. O vaxt yol həm uzaq, həm də narahat olduğu üçün, üstəlik avtomobillər indiki kimi çox olmadığı üçün əsgərlik yaşına çatanacan rayon mərkəzini görə bilməyən adamlara rast gəlirdin. Ancaq mən müxtəlif səbəblərdən şəhərə beş-altı dəfə gəlmişdim. Laçın daha çox zavod çörəyinin və qovurulmuş tumun qoxusu ilə yadımda qalıb. Hər ikisini avtovağzalda satırdılar. Kənd adamları beş-beş, üç-üç alıb avtobusa gətirdikləri üçün bu qoxu daha da şiddətlənirdi. 

Laçında indi də çörək bişirilən sex var. Ən ucqar kəndlərdən, yaylaqlardan gəlib burdan çörək alırlar. Tumlar isə xüsusi qablarda satıldığı üçün qoxu vermir. Şəhərdə dəyişməyən təkcə çörək və tum qoxusu deyil. Məşhur dolamalardan başqa hər şey yenidir. Küçələrdə təsəvvür etdiyimdən qat-qat çox adam və maşın var. İnanmayacaqsınız, bir neçə yerdə tıxaca da düşdük. 

İlk dayandığımız mənzil “Köhnə poçt”dur. Əvvəldən burda poçt-filan yox idi. Adından göründüyü kimi poçt köhnədən burda olub, sonradan yuxarıya – təzə şəhərə köçüb. Heç əvvəlki pavilyon və bərbərxana da gözə dəymir. Yol dairəsinin üstündə, dağın yaxasında rayon polis şöbəsi yerləşir. Ətrafda da bir neçə ofis gözə dəyir.

“Köhnə poçt” Laçının “Azneft” meydanıdır. Hara gedirsən-get, mütləq burdan keçməlisən. Yenə hamı burdadır. Üç-dörd dəqiqə ora-bura boylanmaqla on-on beş tanış görürəm. Bunların içində yüksək vəzifə sahibləri də var, sadə adamlar da. Dədə-baba yurdunu ilk ziyarətə gələn yaşlı insanlar və Laçını ilk dəfə görən gənclər də görünür. Sevinirlər, gülümsünürlər, foto çəkdirilər. Qəhərlənənlər də olur. Adam gözlərinə inana bilmir. Doğrudan Laçındayıq? Yuxu-zad deyil görən?        

Fürsət tapıb ayaqlarımın köhnə həsrətini ovuduram: abidəyə doğru qalxıram. Pilləkən xeyli dikdir. Bura az da olsa paytaxtın “Şəhidlər xiyabanı”nı xatırladır. Sovet vaxtı pillələrin qurtaran yerində Böyük Vətən müharibəsi iştirakçılarına abidə qoymuşdular. Ermənilər bu abidələrin ora-burasını o qədər cızıb-yazıblar ki, restavrasiya etmək mümkün olmayıb, sökmək məcburiyyətində qalıblar. Yeni – daha böyük və daha əzəmətli kompleks yaratmaq nəzərdə tutulur.

Bura çox möhtəşəm yerdir. Burdan nəinki bütün şəhər, az qala bütün rayon, bəlkə bütün Zəngəzur görünür. Xüsusən yurdumuzun hələ də yad əllərdə qalan tarixi torpaqları... Dağlar yamyaşıldır və bir-birindən seçilmir. Bizim kəndin istiqamətinə baxıram, vüqarlı Hocaz qayası göylərə baş çəkir. O tərəfdən Qırxqız görünür, bu tərəfdən Kirs...

Şəhər məşhur şamlığın yaxasına tünd narıncı muncuq kimi səpələnib. Evlərin, demək olar ki, hamısının çardağı eyni rəngdədir. Gözlərimi yumub şəhəri dinləyirəm. Qulaqlarıma Bakını xatırladan uğultu gəlir. Bu gedişlə Laçını ölkənin ən əzəmətli şəhərlərindən biri kimi təsəvvür eləmək elə də çətin olmur.

Məncə, biz Laçının strateji əhəmiyyətini lazımı qədər anlamışıq!

Laçın möhkəmdirsə, Azərbaycan möhkəmdir.

Laçın keçilməzdirsə, Azərbaycan keçilməzdir.

Laçının altındakı sərhəd məntəqəsi böyük qələbənin qarantıdır.

İndən belə əlinə silah alıb dövlətimizə qarşı çıxmaq heç kimin ağlından keçməyəcək. Çünki bu düşüncədə olanları ölkəmizə buraxmayacağıq. Biz yalnız o kəslərlə bir yerdə yaşayacağıq ki, qanunlarımıza hörmətlə yanaşmağı bacarsın. 

Laçın şəhərindən – dayandığım ucalıqdan ucsuz-bucaqsız vətən torpağına baxıb təmiz havanı sinəmə çəkdikcə bu vazkeçilməz həqiqəti bir daha anlayıram.