Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ötən ilin iyun ayında keçirilmiş birgə hökumətlərarası komissiyanın 14-cü iclasında təsdiqlənmiş 2024-2025-ci illər üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin fəal inkişafına töhfə verir.
"Azərbaycanın Belarusa ixracı 77 % artaraq 52 milyon ABŞ dollarına çatıb", - T.Hacılı qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Belarusla biznes əməkdaşlığını gücləndirmək üçün bütün maraqlı tərəflərə hərtərəfli dəstək göstərməyə hazırdır.
"Sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda sənaye, ticarət, tikinti, nəqliyyat və xidmət sahələrində 127 Belarus şirkəti qeydiyyatdan keçib. Bu şirkətlərdən 85-i aktiv fəaliyyət göstərir", - T. Hacılı qeyd edib.
AZPROMO-nun nümayəndəsi əlavə edib ki, Azərbaycanda traktor parkının 80 %-ə qədərini Belarus istehsalı olan maşınlar təşkil edir: "Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıq uğurla davam edir. 2007-ci ildən etibarən 14 mindən çox "Belarus" traktoru və təxminən 3 min yük avtomobili istehsal edilib. Mayda Gəncə və Minsk Avtomobil zavodları arasında yük-sərnişin avtomobillərinin komplektlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb. Paralel olaraq ehtiyat hissələrinin birgə istehsalı təşkil olunur və Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında Belarus texnikasına xidmət göstərmək üçün servis mərkəzi yaradılır".
Onun sözlərinə görə, Azərbaycan investisiya cəlbediciliyini artırmaq və Belarusdan olan tərəfdaşlarla əməkdaşlığı genişləndirmək üçün lazımi addımlar atmağa davam edəcək.(Report)