Putin İrəvana gedəcək
“Joğovurt” qəzeti yazır ki, bu ilin iyununda İrəvanda KTMT-nın Məşvərət Şurasının yaradılmasının 15 illiyi ilə bağlı iclas keçiriləcək və artıq hazırlıq işlərinə başlanılıb. Bu aprelin 19-da Putinlə Paşinyanın görüşündən sonra açıqlanıb. Qeyd olunub ki, Rusiya Federasiyasının prezidenti V.Putin həmin iclasda iştirak etmək üçün iyun ayında Ermənistana səfər edəcək. Qəzet xatırladır ki, Rusiya Federasiyasının prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə olmuşdur. Həmin vaxt mətbuatda geniş müzakirə olundu ki, Putini Hava limanında N.Paşinyan şəxsən özü qarşılamadı. Buna cavab olaraq Paşinyanı Moskvada Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Andrey Rudenko qarşılayıb. KTMT iclasına hazırlıq işlərinin gedişində bu məsələ də yenidən müzakirə olunub və qərara alınıb ki, Putinin Ermənistana növbəti səfəri zamanı onu şəxsən Paşinyan özü qarşılayacaq.
Sabiqlər siyasətdən gedirmi?
“Hraparak” qəzetinin 20 aprel tarixli sayında dərc olunmuş “Sabiq prezidentlər siyasətdən getməyə hazırlaşırlar?” sərlövhəli məqalədə göstərilir ki, S.Sarkisyanın ofisində növbəti bəyanat hazırlanır və bu, yaxın günlərdə açıqlanacaqdır. Vurğulanır ki, Ermənistanın üçüncü prezidenti S.Sarkisyan Ermənistanın və “artsax”ın xilası üçün gedən mübarizədə hakimiyyətə inanmadığına görə siyasi səhnəni tərk etmək istəyir və estafetin gənc nəslə ötürülməsini vacib sayır. O, 2001-ci ilin iyununda keçirilmiş seçkilər zamanı da bu istəyini bildirmiş, Levon Ter-Petrosyanı və Robert Köçəryanı seçkilərdə iştirak etməməyə, öz yerləini gənclərə verməyə çağırmışdı. A.Vanetsyan Azadlıq meydanında oturaq etiraz aksiyasına başladıqdan sonra isə onun da, Köçəryan tərəfdarları da mitinqə qoşulublar və bildiriblər ki, ölkəni ağır durumdan yalnız R.Köçəryan çıxara bilər.
Ermənistandan xarabalıq qalıb
Ermənistanın Polşadakı sabiq səfiri Edqar Qazaryan özünün Facebook səhifəsində yazıb ki, Nikol Paşinyan Rusiya Federasiyasına bu dəfəki səfərində baş nazir üçün nəzərdə tutulmuş xüsusi dövlət təyyarəsindən deyil, “AİR Kompaniy Armeniya” özəl cəmiyyətinin təyyarəsi ilə gedib. O, bu hərəkəti ilə sübut edib ki, daha Ermənistan Respublikası yoxdur. O, deyib “Ermənistan Respublikasından yalnız qurumuş çaylar, müflisləşmiş xalq, ümumiyyətlə xarabalıq qalıb. Fəlakət lap yaxındadır. Biz sosial həyatımızı bərpa etməli və erməni xalqı üçün layiqli dövlət qurmalıyıq”.
Nikol Paşinyan yəzidiləri təbrik edib
Ermənistanın baş naziri N.Paşinyan aprelin 20-də Ermənistanın yəzidi icmasını milli Yeni il bayramları – Malake Taus münasibətilə təbrik edib və bildirib ki, oxşar taleyi olan bu iki xalq bundan snra da qardaş kimi yaşayacaqlar. Ermənistan hökuməti onlara qayğını daim diqqətdə saxlayacaq.
Xatırladaq ki, yəzidilər Etmənistan parlamentində Knyaz Həsənov və Zemfira Mirzoyeva adlı deputatlarla təmsil olunur. Onların ikisi də Paşinyanın komandasının üzvləridir.
Polislər donuz balasını “həbs etdilər”
Lurer.com İnformasiya Agentliyinin aprelin 20-də yaydığı video çarxların birində göstərilir ki, dünən Azadlıq meydanında oturaq aksiya keçirilərkən başına “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vahaqın Aleksanyanın şəkli yapışdırılmış donuz çoşkası peyda olmuşdur. V.Aleksanyan bununla bağlı özünün Feysbuk hesabında yazmışdır ki, müxalifət liderlərinin təfəkkürləri elə həmin heyvanınkı qədərdir. Bu gün böyük kapital sahibi olan generallar və talançıların ümumi varlığı isə həmin çoşqanın varlığına bənzəyir.
Olayla bağlı parlamentin “Ermənistan” fraksiyasının üzvləri Vahe Hakopyan və Gecam Manikyanla əlaqə saxlayan İnformasiya Agentliyinin əməkdaşının sualına cavabda V.Hakopyan bildirib ki, belə hallar ümumiyyətlə, mənim üçün maraqlı deyil və bu səriştəsiz hakimiyyətin özünü təmsil edən çoşqa və V.Aleksanyanla bağlı şərh vermək istəməzdim. Gecam Manekyan isə bildirib ki, danışılan olaydan xəbərdar deyil və “V.Aleksanyanın Feysbukundakı qeydlərini oxumağa, buna bənzər boş şeylərlə məşğul olmağa nə vaxtım, nə də həvəsim var”-deyə o, sualdan yayınıb. Agentlik onu da bildirir ki, qəflətən meydana gətirilən çoşqa polis tərəfindən mitinq iştirakçılarından birinə verilib ki, onunla nə istəyirsə etsin.
Müxalif mitinqçilər milli təhlükəsizlik xidmətinin rəhbərini hesabat verməyə çağırır
“Vətən” partiyasının sədri, “Badiv unem” fraksiyasının rəhbəri, MTX-nin sabiq direktoru Artur Vanetsyan aprelin 20-də meydanda bidirib ki, “bizim etiraz aksiyamız davam edəcək. Əsas məqsədimiz insanların diqqətini indiki vəziyyətə cəlb etməkdir... N.Paşinyan parlamentdə çıxış etdikdən sonra özümə gələ bilmirəm... O, demişdi ki, müharibəni dayandıra bilərdik, amma nəticə indiki kimi olacaqdı, sadəcə az adam həlak olardı. Mən hələ də başa düşə bilmirəm ki, o, niyə belə dedi. İndi isə birmənalı şəkildə deyirəm ki, bu həyasız bəyanat idi, özünü sığortalamaq cəhdi idi”.
Ötən dövrdə müxtəlif siyasi hadisələr, mübahisələr olduğunu vurğulayan A.Vanetsyan MTX-nin indiki rəhbəri Armen Avazyanın meydana gəlib xalqın qarşısında hesabat verməsini tələb edib.
Sözügedən xidmətin ofisindən isə bildiriblər ki, A.Vanesyanın narahatlığını başa düşürlər. Amma MTX nə ictimai, nə də siyasi təşkilat deyil ki, onun rəhbərlərindən kimsə müxalifətin çağırışı ilə hesabat versin.