Şəhər meri Eleyn O’Nilin imzaladığı bəyannamədə bildirilib ki, Darem şəhəri incəsənət və musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin gücləndirilməsinə töhfələr verən qürurlu və parlaq Azərbaycan əsilli amerikalılar üçün doğma evə çevrilib.
Qeyd edilib ki, Azərbaycan Dostluq Təşkilatı da Darem və Azərbaycan arasında mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq etmək üçün çalışır: “Amerika azərbaycanlıları şəhər sakinləri arasında Daremin müdafiəçilərinə və fəallarına çevriliblər. Onlar hamı üçün şəhərin və cəmiyyətin daha da yaxşı olmasına əmək sərf edirlər və bizim tarixi qonşularımızla münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərirlər”.
Nəzərə çatdırılıb ki, 8 Noyabr tarixində Amerika azərbaycanlıları 2020-ci ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının işğaldan azad olunması münasibətilə Azərbaycanın Zəfər Gününü qeyd edirlər. Bu səbəbdən 2022-ci il 8 Noyabr tarixini Azərbaycanın Zəfər Günü elan etdiyini vurğulayan şəhər meri bütün sakinləri Darem şəhərinin həyatına böyük töhfələr verən Amerika azərbaycanlılarının bayramına qoşulmağa dəvət edib.
Qeyd edək ki, bəyannamə Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib. Bəyannamə 12 noyabr tarixində Azərbaycan Dostluq Təşkilatının Zəfər Günü münasibətilə təşkil edəcəyi tədbirdə Adika İqbala təqdim olunacaq.
Bundan əvvəl isə Nyu-York şəhərinin Bruklin inzibati rayonunun meriyası 8 Noyabr tarixini ABŞ-da ilk dəfə olaraq Azərbaycanın Zəfər Günü elan edib. ("REport")