Türkiyənin İstanbul şəhərində yerləşən Pertevniyal Liseyinin şagirdləri Qarabağ Zəfərinə həsr olunan gözəl ssenari əsasında hazırlanmış musiqili layihə həyata keçiriblər.
“Anadır arzulara hər zaman Qarabağ” sərlövhəsi ilə hazırlanan klipdə eyniadlı mahnının sözləri ifa olunur. Klip Qarabağı azadlığa qovuşduran Azərbaycanın qəhrəman övladlarına ithaf olunub.
Klipin girişində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!”,-müdrik kəlamları xatırlanır.
Musiqili klipə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı rəşadətli Qələbəni, ulu öndər Heydər Əliyevin Şuşaya tarixi səfərini, xalqımızın xilaskar oğlunun Azərbaycanın işğal olunan ərazilərinin mütləq geri qaytarılacağı ilə bağlı inamı çıxışı, böyük Qələbədən sonrakı proseslər, həmçinin dövlətimizin başçısının xalqa müraciətlərini, Şuşa ziyarətini, Azərbaycan-Türkiyə qardaşlığını, iki qardaş Ordunun qüdrətini əks etdirən nadir kadrlar əksini tapıb.
Klip barədə yazılı məlumatda qanları və canları bahasına Qarabağ azadlığa qovuşduran şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilənir. Sonda Prezident İlham Əliyevin tarixlərə işıq saçan “Qarabağ Azərbaycandır və nida işarəsi”, - ifadəsi qeyd olunub.
Xatırladaq ki, 1872-ci il aprelin 6-da təsis edilən Pertevniyal Liseyi (Mahmudiye Rüştiyesi) Türkiyənin ən qocaman təhsil müəssisələrindən olduğu kimi, həm də dünyada tanınır, ölkədə böyük nüfuza malikdir. Bu təhsil ocağı Sultan Abdüləzizin anası Pertevniyal Sultanın öz adına məscid, həyat yoldaşının adını daşıyan məktəb tikdirmək istəyinə uyğun olaraq həyat qazanıb. Türkiyənin bir sıra görkəmli şəxsləri məhz bu liseyinin məzunu olublar.