23.11.2024, 01:54
AZ EN
13.12.2022, 11:20 308

Şuşanın məşhur, bülbül avazlı xanəndəsi

XƏBƏRLƏR
  • Şuşanın təmiz havasında, onun gözəl təbiəti qoynunda yetişən xanəndələrin də səsinə sanki başqa bir rəng, ayrı çalar qatılıb. Buna görə də, burada doğulan xanəndələrin özünəməxsus səsi, avazı var. Onlardan biri də “Bülbülcan” ləqəbi ilə tanınmış Əbdülbaqi Kərbəlayı Əli oğlu Zülalovdur. O, 1841-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından şaqraq və bəlağətli səsi ilə ətrafındakıları heyran edib. Xanəndə ilk musiqi təhsilini Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış Xarrat Qulunun məktəbində alıb. Təhsilini başa vurduqdan sonra tarzən Mirzə Sadıqcan onu öz musiqiçi dəstəsinə qəbul edib. Onlar Şuşa, Şəki, Şamaxı və Gəncə şəhərlərində xüsusi məclislər, el şənliklərinə dəvət olunurdular. Bülbülcan xanəndə kimi müasirlərinin, o cümlədən şairə Xurşidbanu Natəvanın da rəğbətini qazanıb. Onun bağında qurulan məclislərdə, xüsusilə Xan qızının Şuşaya su çəkdirməsi münasibətilə 18 avqust 1873-cü ildə təşkil olunan xalq şənliyində yaxından iştirak edib.

Əbdülbaqi Zülalov 1875-ci ildə Tiflisə köçüb. Araşdırmalarda qeyd edilib ki, o zaman Cənubi Qafqazın mədəniyyət mərkəzi sayılan bu şəhərdə xeyriyyə məqsədilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələrlə yanaşı, məşhur rus, italyan musiqiçiləri də çıxış edirdilər. Gənc Əbdülbaqi Tiflisdə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxuyub. Elə ilk çıxışı ilə musiqisevərlərin ruhunu oxşayıb. O, ustadlarından bəzi dəyərli məsləhətlər alıb. Bir sənət adamı, xanəndə kimi dəyərli nəsihətləri dinləyərək gürcü dilini də öyrənib və bənzərsiz ifası ilə bu xalqın qəlbinə yol tapıb. Qısa vaxtda elə bir şöhrət qazanıb ki, bütün Tiflisdə onu “Bülbülcan” deyə çağırmğa başlayıblar.

Musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski araşdırmasında yazıb ki, Bülbülcan Tiflisdə yaşadığı müddətdə (1875-1905) bir neçə musiqi dəstəsi yaradıb. Tarzən Sadıqcanla birlikdə şəhərdə yaşayan yoxsul müsəlmanların xeyrinə təşkil olunan konsertlərdə yaxından iştirak edib. Tiflisdə çıxan “Ziya” qəzeti onların konsertləri haqqında tez-tez xəbərlər dərc edib. Belə konsertlərin biri haqqında qəzetin verdiyi elanda yazılıb: “Bu yaxın vaxtda füqəra və miskinlərdən ötrü Tiflisin teatr imarətində ibrətnüma və fərəh-əfza, növbənöv görməli və eşitməli tamaşalar olacaqdır. Tiflis əhlinin dildadəsi olan xanəndə və sazəndələrdən Əbdülbaqi və Sadıq dəxi hazır olacaqdır”. “Qafqaz” qəzetində verilən bir elanda isə belə deyilirdi: “Bu gün – 22 iyun 1886-cı ildə Arsurini teatrının binasında həvəskarlar tərəfindən tatar dilində M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası oynanılacaq. Tamaşanın fasilələrində Əbdülbaqinin sazəndə dəstəsi çalacaqdır”.

Görkəmli xanəndənin sənəti haqqında el arasında rəvayətlər də dolaşırdı. Deyilənə görə, bir gün Tiflisin ən qaynar küçəsi olan Qolovinski (indiki Rustaveli) küçəsindən əynində çərkəzi çuxalı, atlas arxalıqlı, başı gümüşü papaqlı, çiyni aynalı tüfəngli və qolunun üstündə qızılquş olan bir atlı gəlib keçir. Camaat bir anlıq ayaq saxlayıb heyrətlə ona tamaşa edir. İncəayaqlı Qarabağ atının üstündəki adamın kimliyi onları maraqlandırır. Axı Qolovinski küçəsində at sürməyə yalnız Qafqaz canişininin və onun ən yaxın adamlarının ixtiyarı vardı. Bu, azərbaycanlı xanəndə Bülbülcan idi. Həmin hadisənin isə maraqlı bir tarixçəsi var. Rus çarı III Aleksandr 1888-ci ilin payızında ailəsi ilə Qafqaza istirahətə gəlib. Çarın Tiflisə gəlişi münasibətilə şəhərin ən gözəl guşəsi olan “Müctəhid bağı”nda böyük şənlik təşkil olunurdu. Şənliyə Bülbülcan da dəvət edilib. Cabbar Qaryağdıoğlu xatirələrində yazıb ki, məclisdə çarın sağlığına badə qaldırılarkən Bülbülcan elə bir zəngulə vurur ki, III Aleksandr və arvadı onun səsinə heyran qalırlar. Bundan sonra çar Qafqazda olduğu müddətdə Bülbülcan onun məclislərində yaxından iştirak etməyə başlayıb. Çar Sankt-Peterburqa qayıdarkən Qafqaz canişininə tapşırır ki, Əbdülbaqinin nə arzusu olsa yerinə yetirsin. Canişin Əbdülbaqini çağırır və çarın tapşırığını ona bildirir. Xanəndə xahiş edir ki, ona bir aynalı tüfəng bağışlasın və Qolovinski küçəsindən isə at sürməyə icazə versin. Canişin onun xahişini yerinə yetirib...

Mənbədə o da göstərilir ki, 1904-cü ildə I Nikolayın qardaşı Knyaz Mixail Romanov Tiflisdə olarkən onun şərəfinə şəhərin “Edem” bağında ziyafət təşkil edilib. Həmin ziyafətə Bülbülcan da dəvət olunub. Onun gözəl ifasından heyrətlənən knyaz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxarıb xanəndənin barmağına taxıb.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Əbdülbaqi Zülalov Bakıya gəlib. 1923-cü ildə o, muğamatdan dərs demək üçün Üzeyir Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə dəvət edilib. Yaşının çox olmasına baxmayaraq, gənc xanəndələrin hazırlanmasında xüsusi səy göstərib. Dahi Üzeyir bəy məqalələrinin birində yazıb: “...Tarzən Sadıqcanın, xanəndə Əbdülbaqinin adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanıblar”.

Azərbaycan musiqi sənətinə 70 il xidmət göstərən, onun inkişafına töhfələr verən ustad sənətkar 1927-ci ilin avqustunda 86 yaşında vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər