22.11.2024, 21:16
AZ EN
19.01.2022, 17:15 262

Vətənin Zəlimxanı

XƏBƏRLƏR

Vətənin keçdiyi tarix təkcə kitablarda və vizual sənətlərdə deyil, həm də musiqidə əbədiləşir. Xalq öz qəhrəmanlarına həm də melodiyalarla abidə qoyur.  Bu mənada Xalq şairi Zəlimxan Yaqubun ötən əsrin 80-ci illərində qələmə aldığı “Saz” poeması xeyli əlamətdardır.

Saz təkcə bizim musiqi alətimiz deyil, həm də taleyimizdir. Azərbaycan xalqının ruhunu saz qədər dərindən ifadə edən ikinci bir alət tapmaq çətindir. Təsadüfi deyil ki, Zəlimxan Yaqubdan xeyli əvvəl Xalq yazıçısı İsa Muğanna “Saz” adlı povest yazmışdı. Düzdür, burada mövzu konkret olaraq saz deyil, lakin usta yazıçı, sanki, bu alətdə ifa olunan kədərli havaların “iç üzü”nü açmağa çalışıb. Zəlimxan Yaqubda isə mətləb birbaşa sazın özünə bağlıdır. Onun ayrı-ayrı havalarının konkret əhvalatı dilə gətirilir və bu bölmələr sazın analoji ritmləri üzərində qələmə alınır. Şair forma və məzmun vəhdəti ilə birgə saza abidə qoyur.

Poemanın ən maraqlı tərəfi sazın Azərbaycanın tarixi torpaqlarını birləşdirən simvola çevrilməsidir.

44 günlük müharibə vaxtı kimsə sosial şəbəkələrdə çox maraqlı bir təsbit etmişdi: Azərbaycan yeganə ölkədir ki, hər tərəfdən öz torpaqları ilə həmsərhəddir. Doğrudan da belədir. İndiki dövlət sərhədlərimizin həmən o üzündə öz soydaşlarımız yaşayır və onlar Azərbaycan dilində danışırlar. Yeganə istisna indiki Ermənistan ərazisidir. Çünki orada yaşayanları ötən əsrin 80-ci illərində məqsədli şəkildə köçürdülər.

Əslində, söhbət bu torpaqlardan getdiyi vaxt sərhədlərdən danışmaq düzgün deyil. Çünki Qafanın, Basarkeçərin, Dərələyəzin kəndlərindən tutmuş Vedibasara, İrəvana – Türkiyə sərhədlərinə qədər hər yerdə azərbaycanlılar yaşayıb. Bu torpaqlarda azərbaycanlıların yaratdığı İrəvan xanlığını Çar Rusiyasının ilhaqına qədər ayaqda qalıb. Ermənilərin bu yerlərə kütləvi köçü­rülməsi və möhkəmlənməsi də imperiya ağalığından sonra düşünülmüş bir suyasət kimi həyata keçirilib. Məqsəd gün kimi aydındır: Osmanlı imperiyası ilə Qafqaz türklərinin arasında xristianlardan ibarət bufer bir ölkə yaratmaq, üstəlik, hər fürsət düşdükcə erməniləri qorumaq adı ilə bu coğrafiyaya müdaxilə imkanı qazanmaq.

İrəvan və Vedi ilə yanaşı həm də Göyçə indiki Ermənistan torpaqlarındakı azərbaycanlıların mənəvi pasportuna çevrilib. Bəlkə, İrəvan və Vedidən də çox şeirlərin, mahnıların və saz havalarının mövzusu olub, dillərdə-ağızlarda dastana dönüb. Təbii, bunun ən başlıca səbəbi Göyçənin şair övladları idi. Əgər Təbriz böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarla simvollaşıbsa, Göyçə də Aşıq Ələsgər möcüzəsi ilə yaddaşımızın real əfsanəsinə çevrilib. Bunu düşmən də çox aydın dərk edib. Elə ona görə, Göyçə boşalar-boşalmaz ilk dağıdılan yerlərdən biri, bəlkə də birincisi Aşıq Ələsgərin məzarı olub.

Saz ola, şeir ola, orda Aşıq Ələsgərdən danışılmaya? Şübhəsiz, Zəlimxan Yaqub öz poemasında Dədə Ələsgərə geniş yer verir və Göyçənin başına gətirilənləri ürək ağrısı ilə qələmə alır.

İnsanlar kimi bədii əsərlərin də taleyi vardır. Hətta olmasa belə insanlar bunu yaratmağa, uydurmağa çalışır. Dastanlar və nağıllar da beləcə yaranır. Lakin konkret tarixi şəraiti əks etdirən, o vaxtın, o zamanın poetik heykəlinə çevrilən mətnlər də vardır. Xalq şairi Hüseyn Arifin “Göyçəlilər, dağılmayın Göyçədən” şeiri belə nümunələrdəndir. Burada sanki şeir öz əzəli-əbədi lirik mahiyyətindən uzaqlaşıb sosial-siyasi bir bəlanın carçısına çevrilir. Zəlimxan Yaqub bu ağrılı prosesin növbəti mərhələsini qələmə alır: artıq Göyçə eli pərən-pərən düşüb, Ustad Ələsgərin məzarı dağıdılıb.

Oxuyuruq:

 

Gözləri yol çəkən Ələsgər dədə

Dağlarda təklənən qəbrinə qurban

Bəd gəldi bizlərə bu vaxt, bu vədə

Döz, bu da zamandı, səbrinə qurban

 

Mənim vüqarımı, mənim hissimi

Döyən çox oldusa, duyan az oldu

Nəsimi, Füzuli məzarı kimi

Sənin dı məzarın əlçatmaz oldu

 

Gedərəm, Hələbə gedərəm ustad

Gedərəm, Bağdada gedərəm ustad

Üz tutub Göyçəyə gedə bilməsəm

Dağları-daşları didərəm, ustad...

 

Yenə coğrafiya! Hələbdən, Bağdaddan Göyçəyə qədər param-parça olmuş bir xalqın acı taleyi, qulaq batıran fər­yadı...

Poemanı oxuduqca saz havacatlarındakı kədərin mənasını anlayırsan.

Zəlimxan Yaqub bütün yaradıcılığı boyu Azərbaycanın tale yüklü problemlərinə həssas yanaşıb. Bilmirəm, çağdaş dünya bu şeirləri necə qarşılayar? Axı modernizm bu cür sosial-siyasi mövzulardan bir az uzaqlaşıb, daha çox fərdlərə, hətta fərdlərin konkret duyğu və yaşantılarına fokuslanıb. Lakin modernizm bir tarixi dövr olaraq lokal milli münaqişələrin bitdiyi, sənaye və texnikanın inanılmaz dirçəldiyi bir dövrdür. Bəs başına gələn və gətirilən bəlalar sayəsində bu mütərəqqi proseslərdən kənarda qalan xalqlar nə etsin?

Sən 20-ci əsrin sonlarının gənc parislisinə, londonlusuna, berlinlisinə Xocalı vəhşətini necə izah edərsən?

Görəsən, ilin-günün bu vaxtı vəhşi quldar təfəkkürü ilə uşağa, qocaya, qadına əl qaldıran, onları xüsusi qəddarlıqla qətlə yetirən qansızların varlığına inanarlarmı?

Yerindən-yurdundan zorla didərgin salınmış, ev-eşiyi yandırılmış, doğmaları öldürülmüş, əsir alınmış insanların arasında “səma şairi” olmaq nə qədər realdır?

Axundov, Mirzə Cəlil və Sabir dühası göstərir ki, real deyil və uğur qazanmır. Daha sonra yazıb-yaradan Səməd Vurğun, Süleyman Rəhimov, İsa Muğanna kimi qələm adamları da sosial həyatla hesablaşdılar. Zəlimxan Yaqub da öz müasirlərinin dərdinə biganə qala bilmirdi. Onun “Sizi qınamıram” poeması və “Bu gecə yuxuma girmişdi Şuşa” şeiri bu mənada xüsusilə əhəmiyyətlidir.

Şair poemanın epiqrafında yazır: “Bu əsəri mənə Xocalı dərdi, Şuşa əzabı, Laçın ağrısı yazdırdı”. Və poema ilə ilk tanışlıqdanca bu sözlərin doğruluğuna inanırsan.

Zəlimxan Yaqub ictimai xadim və millət vəkili kimi də kifayət qədər vətənpərvər idi. Onun imkansız insanlara əlindən gəldiyi qədər kömək etdiyinin dəfələrlə şahidi olmuşuq. Şair içindən çıxdığı xalqla ünsiyyətini heç vaxt kəsmədi, telefonu həmişə açıq, ünvanı həmişə əlçatan oldu.

Yanvarın 21-i Xalq şairinin doğum günüdür.

Yaşasaydı 72 yaşı tamam olacaqdı.

Tale bütün narahatlıqlarına baxmayaraq ona Laçınlı, Şuşalı günlər nəsib etmədi. Yoxsa təbii ki, şairin gur səsini Cıdır düzündən eşidəcəkdik. Ancaq onun ruhu şaddır. Bir qələm adamı üçün dərd-ağrılarını yazdığı insanların xəyalən dolaşdığı və həsrətini çəkdiyi doğma yurd-yuvalarına qayıtmasından gözəl nə ola bilər?

Şairə rəhmət, Vətənə abadlıq diləyirəm!

Şərif AĞAYAR

Oxşar xəbərlər