19.03.2025, 02:38
AZ EN
12.07.2023, 11:47 281

Bu gün Mirzə Ələkbər Sabirin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirin anım günüdür.  Ələkbər Zaynalabdin oğlu Tahirzadə (Mirzə Ələkbər Sabir) 1862-ci il mayın 30-da Şamaxı şəhərində anadan olub.

Həyatı

Atasının istəyi ilə Sabir dörd il mollaxanaya gedib. 12 yaşına çatdıqda Seyid Əzimin təsis etdiyi yeni üsul məktəbə daxil olub. Bu məktəb onun şairlik bacarıqlarının inkişafına kömək edib. Sabir burda keçirdiyi bir-iki ildən sonra məktəbdən ayrılıb və atasının yanında dükanda işləməyə başlayıb. Bu dövr ərzində atasının narazılığına baxmayaraq şeirlər yazmağa davam edib. Şair 1885-ci ildə səyahət adı ilə İrana gedir. Səyahəti sırasında yerli ağaların taladığı yerlərdəki vəziiyət şairdə mənfi təəsüratlar yaratsa da Sabir səfər etdiyi yerlərin tanınmış yazıçıları ilə görüşür.

1887-ci ildə səfərdən qayıtdıqdan sonra Sabir qohumu Büllurnisə adlı xanımla ailə həyatı qurur. 9 övladı olan şair ailəni dolandırmaq üçün sabun bişirərək satmağa başlayır. 1907-ci ilin əvvəllərində sabun bişirməkdən əl çəkərək mətbuat və marif sahəsiində çalışmaq qərarına gəlir. Şair Qorimüəllimlər seminariyası tərəfindən mənfi cavab alsa da Şamaxıda müəllim olaraq işləməyə başlayır. Həmin ilin sentyabr ayında çoxdan xəyalını qurduğu “Ümid” məktəbini təsis edir. Bu məktəbdə 60-a yaxın şagird təhsil alır.

1910-cu ildə Mirzə Ələkbər Sabir Bakıya gəlir və “Zənbur” jurnalının redaksiyasında işləməyə başlayır. Bunun ardınca sıra ilə “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir.  Mirzə Ələkbər Sabir Azərbaycanın ilk satirik jurnalı sayılan “Molla Nəsrəddin” üçün böyük həvəslə yazılar yazmışdır. Çarizmin fitnəkar milli siyasətini tənqid edən satirikin yazıları hələ axıradək dərk olunmurdu. Həmin dövrlərdə Sabir Bakıda nəşr olunan “Həyat”, “İrşad”, “Tazə Həyat” qəzetlərində və “Dəbistan”, “Rəhbər”, “Bəhlus” jurnallarında şeir və məqalələri ilə çıxış edirdi.

Yaradıcılığı

Bədii yaradıcılığıa kiçik yaşlarında başlayan Sabir Seyid Əzim Şirvaninin məktəbində oxuyarkən ilk şeirləlrini yazmağa başlayıb.

İlkin vaxtlardan gənc şair mürtəce adamlara tənqidi yanaşmağa başlayıb. 1905-ci il inqilabı isə Mirzə Ələkbər Sabirin bədii yaradıcılığında dönüş nöqtəsi sayılır. Belə ki, onun əsərlərində ictimai məzmun, inqilabi-demokratik ideyalar güclənmişdir. 

Şair əsərlərinin bir çoxunda zəhmətkeşlərin müdafiəçilərindən biri olaraq xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. Bu əsərlərdə mənfi tipləri düşündürən əsas məsələ əməkçi xalqda əmələ gələn dəyişiklik, onun fəallaşıb getdikcə siyasətə daha çox qarışması, daha çox qüvvə, bacarıq əldə etməsidir.

Vəfatı

Sabir 1910-cu ilin axırlarında xəstəliyə tutulur. 1911-ci ildə müalicə üçün Tiflisə gedir və Cəlil Məmmədquluzadənin evində qalır. Həkimlər bu dövrdə şairə əməliyyat aparmağı təklif etsələr də o razı olmayıb Şamaxıya qayıdır. Xəstəliyi şiddətlənən şair başqa bir əlacı qalmadığı üçün əməliyyat olmağa razı olur. Buna baxmayaraq həkimlər artıq gec olduğunu bildirərək ona Şamaxıya qaytmağı məsləhət görürlər. 1911-ci il iyulun 12 də Mirzə Ələkbər Sabir Şamaxıda vəfat edib və “Yeddi Güşə” qəbirstanlığında dəfn edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər