17.04.2026, 16:18
AZ EN
17.04.2026, 13:23 193

Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Sabir Əhmədlinin anım günüdür.

O, 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləyib. 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilib, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilib. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru olub.

Sabir Əhmədli ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Sabir Əhmədlinin 1990-1991-ci illərdə yazdığı “Yanvar hekayələri” nəsrimizdə 20 Yanvar faciəsinə həsr olunan ən sanballı bədii nümunədir. Bu hekayələr kitabında həmin hadisə ilə bağlı bütün mənzərə bədii rakursdan məharətlə işlənib.

Qarabağ müharibəsi Sabir Əhmədlinin bioqrafiyasında izini dərin qoymuş, yazıçının müharibə faktoruna çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olmuşdur. Qardaşını İkinci Dünya müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirib. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapıb.

Xalq yazıçısı Sabir Əhmədli 2009-cu il aprelin 17-də  Bakıda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər