17.04.2026, 16:13
AZ EN
17.04.2026, 13:09 132

Ermənistan Konstitusiyası faktiki olaraq yenidən yazılır

XƏBƏRLƏR
  • Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın mətninin iyunun 7-də keçiriləcək seçkilərə qədər dərc olunacağını bəyan etsə də, hakim partiya hələ bu barədə yekun qərar gəlməyib. Buna görə də Konstitusiyaya dəyişikliklərin nədən ibarət olacağı seçkilərdən əvvəl deyil, sonra elan ediləcəyi gözlənilir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Paşinyan hakimiyyətinə müxalif mövqeyi ilə seçilən "Hraparak" nəşrinin yaydığı məlumata görə, hakim dairələrdə böyük əksəriyyət Konstitusiyanın mətninin seçkilərdən əvvəl dərc olunmasının tərəfdarı deyil. Amma Baş nazir Nikol Paşinyanın açıq şəkildə bəyan etdiyi kimi, söhbət təkcə Müstəqillik Bəyannaməsinə istinadın ləğvindən deyil, Konstitusiyanın öz müddəlarında çox ciddi və inanılmaz dərəcədə dəyişikliklər olacaq. Prosesin yubanmasına səbəb isə Ermənistanın əsas qanununa edilən redaktələrin mürəkkəbliyi ilə əlaqəlidir.

Nəşr iddia edir ki, Paşinyan faktiki olaraq yenidən yazılan Konstitusiyanı özünün siyasi dünyagörüşü çərçivəsinə uyğun hazırlayır: "Baş nazir dünən bəzi məqamları parlamentin tribunasında açıqlayıb. Onun dediyinə görə, məsələni cərrahi yolla həll etmək lazımdır, Ermənistanda xalqdan qaynaqlanan sistem olmalıdır, bunun üçün yeni konstitusiya zəruridir. Bu bəyanat göstərir ki, yeni Konstitusiyada elə müddəalar olacaq ki, hər şey bir nəfərin əlində cəmlənəcək".

Məlumatda o da qeyd olunur ki, Ermənistanda yeni Konstitusiyanın qəbulu məsələsi parlament seçkilərindən bir neçə ay sonra referendum yolu ilə həllini tapacaq.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.

Elxan SALAHOV

Oxşar xəbərlər