18.02.2026, 18:51
AZ EN
18.02.2026, 16:45 210

Şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Milli Konservatoriyasında (AMK) şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş “Tar səsində vətən eşqi” sənədli filminin təqdimatı keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova bildirib ki, bu təşəbbüs şəhidimizin əziz xatirəsini yaşatmaqla yanaşı, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Toğrul Hacıyev haqqında sənədli film Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadənin dəstəyi ilə çəkilib.

Prorektor qeyd edib ki, filmin ssenarisi jurnalist və yazıçı Aysel Fikrət tərəfindən böyük həssaslıq və peşəkarlıqla hazırlanıb. Çəkiliş prosesi zamanı isə yaradıcı heyət bütün mərhələlərdə məsuliyyət və diqqətlə çalışıb.

Lalə Hüseynova vurğulayıb ki, bu kimi layihələr təkcə bir insanın həyat yolunu işıqlandırmır, eyni zamanda xalqımızın Zəfər tarixini, şəhidlərimizin Vətən uğrunda göstərdiyi fədakarlığı gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Toğrul Hacıyevin anası İlhamə Soltanova filmin ərsəyə gəlməsində zəhmət çəkən yaradıcı heyətə, təşkilatçılara və bu təşəbbüsə dəstək verən hər kəsə dərin minnətdarlığını ifadə edib. O bildirib ki, şəhidlər canlarından, arzularından, ailələrindən keçərək Vətəni seçdilər və torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar.

Onun sözlərinə görə, xalqımızın qazandığı tarixi Zəfər yalnız tarixi hadisə deyil, həm də xalqımızın birliyini, iradəsini və şəhidlərimizin Vətənə sədaqətini yaşadan böyük mənəvi dəyərdir.

İlhamə Soltanova əlavə edib ki, Toğrulun xatirəsinin belə bir film vasitəsilə yad edilməsi, onun həyat yolunun gələcək nəsillərə çatdırılması həm ailəsi, həm də cəmiyyət üçün xüsusi önəm daşıyır.

Sonra film nümayiş olunub.

Filmin ideya müəllifi Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kamilə Dadaş-zadədir. Ssenari müəllifi və redaktoru AMK-nın mətbuat katibi Aysel Fikrətdir. Filmin rejissoru Fahir İmanquliyev, operatorları Əfqan Ələsov və Tapdıq Həsənovdur. Filmdə Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundovanın, həmçinin Dirijorluq kafedrasının I kurs magistr tələbəsi Orxan Lətifzadənin musiqi əsərlərindən istifadə olunub.

Qeyd edək ki, Toğrul Hacıyev 1997-ci il fevralın 17-də anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2014–2018-ci illərdə AMK-da təhsil alıb, 2018–2020-ci illərdə isə magistratura pilləsini bitirib. O, 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan müharibə zamanı Füzulinin azadlığı istiqamətində gedən döyüşlərdə şəhid olub. (AZƏRTAC)

Oxşar xəbərlər