Bunu açıqlamasında tanınmış memar, professor Cahid Həsənov deyib.
O, 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini məğlub etdiyini, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunduğunu xatırladaraq bildirib: “Bütün dünya işğalçı Ermənistanın beynəlxalq konvensiyaları pozduğunu, Qarabağda, Şərqi Zəngəzurda qədim abidələrin, tarixi memarlıq irsinin erməni vandalları tərəfindən qəsdən məhv edilməsi faktlarını gördü. Bu gün Azərbaycan dövləti həmin ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, bərpa işləri həyata keçirir. Azad Qarabağda və Şərqi Zəngəzurda qədim dövrlərdən qorunub saxlanılan və işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan abidələrinin, memarlıq irsinin bərpası və qorunması istiqamətində də çox mühüm, əhəmiyyətli işlər görülür.
Təbii ki, işğaldan azad olunmuş ərazilərdə şəhərsalma prosesi müəyyən mərhələlər üzrə həyata keçirilir. Birinci mərhələdə ərazilər düşmən tərəfindən basdırılmış minalardan təmizlənir. Sonra infrastruktur quruculuğu həyata keçirilir, yəni yollar salınır, su, işıq və digər kommunal xətlər çəkilir. Ardınca bərpa və yenidənqurma işlərinə başlanılır. Bu mərhələdə, həmçinin əhalinin məskunlaşması üçün yaşayış binaları, məscidlər, inzibati obyektlər, iş yerləri, zavod və fabriklər, aqrar sənaye parkları inşa olunur, həm də paralel şəkildə dağıdılmış tarixi-memarlıq abidələrinin bərpası prosesi həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərdə artıq ilk gündən etibarən genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunun bariz nümunəsi kimi Ağdam məscidinin bərpasını göstərmək olar. Təsəvvür edin ki, bir tərəfdə mina təmizləmə işləri aparılır, digər tərəfdə yollar salınır, infrastruktur qurulur, eyni zamanda, tarixi memarlıq abidələrinin bərpasına başlanılır”.
Memar bildirib ki, işğaldan azad olunan ərazilərimizdə 706-sı dövlət qeydiyyatında olmaqla, 2600-dən çox tarix-mədəniyyət abidəsi var: “Şuşa qalası, Xudafərin körpüsü, Gəncəsər və Xudavəng monastrları, Qutlu Musa türbəsi, Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Onlardan bəziləri bərpa edilib. Bununla yanaşı, Üzərliktəpədə də arxeoloji işlər həyata keçirilir. Həmçinin Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa olunub. Digər abidələrin də bərpası üçün layihələr hazırlanır, dövlət proqramlarına daxil edilir və bu işlər ardıcıllıqla həyata keçirilir. Bütün bu göstəricilər Azərbaycanın memarlıq və şəhərsalma ənənəsinin işğaldan zərər görmüş ərazilərdə yeni dövr üçün daha mükəmməl və sistemli şəkildə bərpa olunduğunu nümayiş etdirir. Bu abidələr yenidən bərpa edildikdən sonra daha da güclənəcək, dünya ictimaiyyətinə Azərbaycanın zəngin tarixi və mədəni irsi daha dolğun şəkildə təqdim olunacaq”. (AZƏRTAC)