02.03.2026, 01:56
AZ EN
09.02.2026, 10:47 218

Ağdam Dövlət Dram Teatrı Türkiyədə çıxış edəcək

XƏBƏRLƏR
  • Türkiyə Cümhuriyyəti Amasya Bələdiyyəsinin təşkilatçılığı ilə 7–15 fevral tarixlərində keçirilən 2-ci “Teatr Günləri” festivalına Ağdam Dövlət Dram Teatrı da dəvət alıb.

Yaradıcı kollektiv festivalda yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Kişi və qadın" pyesi əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

İlk dəfə görkəmli rejissor Hüseynağa Atakişiyevin quruluşunda səhnəyə qoyulmuş bu əsər mürəkkəb və çox maraqlı kişi-qadın münasibətlərindən bəhs edən, dramatik süjet xətti olan komediyadır.

Dəfələrlə ölkəmizin teatrlarında tamaşaya qoyulmuş "Kişi və qadın" pyesi bu dəfə Ağdam teatrında hazırlanıb. Ağdam teatrının tamaşası ilə tanış olan Amasya “Teatr Günləri”nin təşkilatçıları da kollektivi məhz bu səhnə əsəri ilə festivala dəvət ediblər.

Qeyd edək ki, Türkiyənin 15 teatrının qatıldığı festivalda Ağdam teatrının çıxışı 14 fevralda olacaq.

Tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, rəssamı Qönçə Həşimzadə, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.

Rolları Xəyalə Xudadatova, Ramil Hüseynzadə, Zərifə Ağayeva, Hakim Cəfərli və Kərim Həsənov ifa edirlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər