Videoçarxda Azərbaycan Respublikası Prezidentinin “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı, rəssamın həyat və yaradıcılığı haqqında qısa məlumat verilir, onun əsərləri nümayiş olunur. Bildirilir ki, Mirzə Qədim xalq sənətini dərindən bilən, əsərlərində bu tükənməz sərvətin gözəl ənənələrindən bacarıqla istifadə edən mahir ornamentalist rəssam olmuşdur.
Rəssamın vəfatından sonra ailə arxivində onun 100-dən çox əsəri qalmışdı. M.Q.İrəvaninin yalnız 20 əsəri Bakıya gətirilmişdir və 1939-cu ildə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi (h/h Azərbaycan Milli İncəsənət Muzeyi) tərəfindən alınmışdır. Bu rəsmlər ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir.
Videoçarxda bildirilir ki, M.Q.İrəvaninin 200 illik yubileyi ölkəmizdə geniş qeyd olundu. Yubileylə əlaqədar rəssamın Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş olundu.
İzləyicilərə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş, həyat və yaradıcılığından, qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən “Cənnət yuxusu” bədii-sənədli filmindən qısa fraqment də təqdim olunur.
Qeyd edək ki, videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:https://www.youtube.com/watch?v=3rhUVAU0pTQ
Hazırladı: Mina RƏŞİD