Fatma Yaqub qızı Mahmudova 1954-cü ildə Ağdam rayonunda dünyaya gəlib. Gənc yaşlarından teatra üz tutan sənətkar 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında çalışıb. O, müxtəlif klassik və müasir əsərlərdə yaratdığı Sona xanım, Məryəm, Sara, Həcər, Təhminə kimi obrazlarla tamaşaçıların sevgisini qazanıb.
Ağdamın işğalı ilə bağlı olaraq sənət yolunu Bakıda davam etdirən Fatma Mahmudova 1994-cü ildən etibarən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətini uğurla davam etdirib. Burada da o, bir-birindən maraqlı və yaddaqalan obrazlara imza ataraq sənət fədakarlığını göstərib.
Fatma Mahmudovanın zəngin yaradıcılığı ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. O, 1989-cu ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident təqaüdü ilə təltif olunub.
Uğurlu rolları, səhnə mədəniyyəti və sənətə bağlılığı ilə tanınan Fatma Mahmudova bu gün də Azərbaycan teatrının dəyərli simalarından biri olaraq yaddaşlarda yaşayır.
Tahirə AĞAMİRZƏ