Memarlığı bəzən "donmuş musiqi" adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlar və incəsənət üslublarına tabe olur. İnsan sivilizasiyasının inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran öz tipik memarlıq üslubuna malikdir. Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri ilə fərqləniblər. Misir öz ehramları, Çin Böyük Çin Səddi, Roma İmperiyası Böyük Kolizey və Müqəddəs Pyotr, Afina - qədim Akropol, Paris – Eyfel qülləsi ilə bütün dünyada məşhurdur.
Azərbaycanda da bu əlamətdar gün hər il qeyd edilir. Ötən əsrlərdə memarlarımızdan Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında, xüsusən də Bakıda və Şamaxıda çoxlu sayda tarixi binalar inşa olunub.
XX əsrin sovet dövründə də Azərbaycanın kifayət qədər tanınmış dünya şöhrətli memarları olub. Mikayıl Hüseynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar.
Bu günə qədər gəlib çatmış və gələcək nəsillər üçün qorunan nadir əsərlər Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Memarlarımız nəinki ölkədə, onun hüdudlarından çox-çox uzaqlarda da öz dəstxətlərini yadigar qoyublar.
Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynayır, yaradıcılıq proseslərini istiqamətləndirir.
Müstəqillik illərində onlarla memarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif ediliblər.
44 günlük Vətən savaşında işğaldan azad edilən torpaqlarımızda yeni quruculuq işləri gedir. Ali Baş Komandan Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən bölgələrimizin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə ötən ildən start verilib. Həmin layihənin ideyasının mahiyyəti barədə hələ ötən il məlumat verən ekspert Elnur Fərzəliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə Qarabağ və Azərbaycan layihəli binaların tikintisi təqdirəlayiqdir.
Mina RƏŞİD