Şair, dramaturq, Əməkdar İncəsənət xadimi Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. Yeddi yaşında ikən atasını itirib. Böyük qardaşlarının himayəsində yaşayan şair əvvəl yeddiillik orta məktəbi, sonra isə peşə məktəbini bitiib. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş, “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazmışdır. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başladı. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlib. Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə getdi, daha maraqlı və rəngarəng əsərlər yaratdı. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyatdı. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları yüksək qiymətləndirilib. Zeynal Xəlilin yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb. Bunun isə səbəbi onun şeirlərindəki istilik, ürəyə yatımlılıq, coşqun ehtiras və lirik əhval-ruhiyyədir.
Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. Bu filmin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dillər əzbərinə çevrilib.
Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Soltan Hacıbəyova məxsus “Kimlər gəldi, kimlər getdi”, musiqisi Emin Sabitoğluya məxsus “Bu gecə”, “Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.
Hazırladı: Mina RƏŞİD