12.07.2025, 13:22
AZ EN
05.06.2024, 12:51 370

Bu gün Mikayıl Müşfiqin doğum günüdür

XƏBƏRLƏR
  • Poeziya insan ruhunun qanadlarıdır. Xalqımız tarixin bütün dönəmlərində Sözə dəyər verdi, poeziyanı, bu poeziyanı yaradan insanları sevdi, əziz tutdu. Hər kəsin əzbərində, dilində, şeir yuva qurdu. Şeir günlük ehtiyacımız, suyumuz-çörəyimiz kimidir. Şairlər, şeirlər yazdığı, yazıldığı janra görə sevilir çox zaman. Oxucu öz zövqünə görə sevir şairi və şeiri. İllər, əsirlər keçir, amma yaxşı şeirlər və şairlər insanların qəlbinə, tarixin yaddaşına köçür.

Milli-mənəvi dəyərləri-mədəniyyəti, incəsənəti, ədəbiyyatı ilə dünyada özünəməxsus yeri olan Azərbaycan xalqının ölməz şairləri olub və onlar örnək poeziya nümunələri yaradıblar və yaradırlar. Təəssüflər olsun ki, sovet imperiyası dövrünə təsadüf etmiş bir çox şair və yazıçılarımızın həyatı çox ağrılı keçib. Azad sözlərinə, aydın fikirlərinə görə, repressiyalara məruz qalıblar. Onları ölümsüz edən isə haqsızlığa boyun əyməməkləri olub.  Onlar xalqımızın qəlbində günümüzə qədər yaşayıblar və yaşayacaqlar.

Hər kəsin qəlbində yaşayan belə şairlərdən biri də Mikayıl MÜŞFİQDİR!

Bu gün ölməz şairimizi özünün bu şeiri ilə yad etməyi özümüzə borc bildik.

 

YENƏ O BAĞ OLAYDI

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

 

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

 

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

 

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər axşam.

 

Arzuya bax sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

 

Yenə o bağ olaydı, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

 

Ürkək baxışlarınla ruhumu dindirəydin,

Məni sevindirəydin.

 

Gizli söhbət açaydıq, ruhun ehtiyacından.

Qardaşından, bacından

Çəkinərək çox zaman söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

 

Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli,

Sən, ey əsmər bənizli.

 

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,

Vay o qəlbə ki, boşdur!

 

Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,

İnsanlar daha məsud.

 

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin.

 

İnsanların vüqarı, tələbi daha yüksək,

Yolumuzdan daş, kəsək,

Təmizlənmiş bir az da.

 

Ellərin keyfi sazdır,

Bu yaz, bir başqa yazdır!

 

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

 

Saçın kimi qıvrılan dalğalara dalaydım,

Dalıb ilham alaydım.

 

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı.

 

Cumub alaydım səni dalğaların əlindən,

Yapışaydım belindən.

 

Xəyalımız üzəydi sevda dənizlərində,

Ləpələr üzərində.

 

İlhamımın yelkəni, zərrin saçın olaydı,

Sular xırçın olaydı.

 

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,

Gəlin baxın Xəzərə.

 

Çıxalım Buzovnada kiçik qayalıqlara,

Seyrə dalım bir ara...

 

Gecələr sayrışarkən, ulduzlar lalə kimi,

İşıqlar jalə kimi.

 

Çilənib dağılarkən ətrafa damla-damla,

Ən yaxın bir adamla.

 

Nə gözəldir dinləmək suların nəğməsini,

Təbiətin səsini!

 

Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,

Bu sərin sahilləri!

 

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,

Aşıb-daşan duyğumuz.

 

Şəklindəki sulara, baxaraq ləzzət almaq,

Bu mavi şerə dalmaq.

 

Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,

Bəzən hürküb çəkinmək.

 

Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,

Bizim bu həyat kimi!

 

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində.

 

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

 

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi.

 

Yarpaqlar arasından uzadaraq əlini,

Oxşayaraq telini.

 

Gecələr darayaydı saçlarını ay gözəl!

Sən gözəlsən, ay gözəl?

 

Əllərində əllərim, gözlərində gözlərim...

Asılaydı sözlərim

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi.

 

Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,

Can-ciyər olacaqlar.

 

Bir az da uzaqlara açacaqlar yelkəni,

Ruh yeni, həyat yeni...

 

Çıxacaqlar göyləri aşaraq dönə-dönə,

Buludların fövqünə.

 

Uçacaqlar sabaha, uçacaqlar yarına,

Yerin boşluqlarına.

 

Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,

Bu insan oğlu bilsən.

 

Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

 

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

 

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

 

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

 

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər