Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Moskvada da təhsil almışdır.
46 illik ömrünün 35 ilə yaxınını kinoya həsr edən Ceyhun Mirzəyev “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı olub. 12 yaşı olanda isə “Ögey ana” filminə dəvət almışdı. Bu rolu ilə xalqımızın böyük rəğbətini qazanmışdı.
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışmışdır. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərən aktyir “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkmişdir. “Mozalan”ın bədii rəhbəri olan mərhum incəsənət xadimi həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak edə bilmədən vəfat edib.
1993-cü ilin mart ayının 5-də Bakıda dünyasını dəyişən görkəmli incəsənət nümayəndəsi Yasamal qəbiristanlığında dəfn olunub.
Fəryad filmindəki şücaətinə görə “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülüb.
Əgər ömür vəfa etsəydi, xalqımızın qəlbində əbədiyyət qazanan Ceyhun Mirzəyev bu günə qədər müxtəlif obrazlar yaradaraq, dəyərli filmlər çəkərək incəsənətimizə və mədəniyyətimizə böyük töhfələr vermiş olacaqdı.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ