İctimai Birlikdən bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə əvvəlcə “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş olunub.
İctimai Birliyin sədri Xətai Ələsgərli layihənin məqsədi haqqında danışaraq bildirib ki, Qərbi Azərbaycan yaddaşının bərpası, eləcə də ustad sənətkar Dədə Ələsgərin irsinin tanıdılması milli kimliyimizin mühüm dayaqlarındandır. O, həmçinin Dədə Ələsgərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək, onun saz-söz məktəbinin yalnız Göyçə mahalı üçün deyil, ümumilikdə Azərbaycan mədəniyyəti üçün əvəzolunmaz dəyər daşıdığını qeyd edib.
Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Həsənov qeyd edib ki, Saatlıya 1948–1953-cü illərdə Qərbi Azərbaycandan minlərlə soydaşımız köçürülüb və hazırda rayonda 6 minə yaxın Qərbi Azərbaycan köçkünü yaşayır. O, belə layihələrin tarixi yaddaşın qorunmasına və soy-kökümüzə qayıdış baxımından önəmli rol oynadığını vurğulayıb.
Tibb elmləri doktoru, professor İbadulla Ağayev Qərbi Azərbaycan torpaqlarını qarış-qarış gəzdiyini, folklor nümunələri topladığını söyləyib. O, doğma torpaqlarımızda yenidən həyatın bərpa olunacağına və Qərbi Azərbaycanlı soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağına inamını ifadə edib.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Layihə çərçivəsində növbəti tədbirlər Sabirabad, Bərdə və Bakı şəhərində təşkil olunacaq. (AZƏRTAC)