17.06.2025, 14:57
AZ EN
12.02.2025, 08:41 186

Bursadakı konsertimiz tezliklə TRT2 vasitəsilə nümayiş olunacaq

XƏBƏRLƏR
  • Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bursa şəhərindəki Atatürk Mədəniyyət və Konqres Mərkəzinin Orxanqazi salonunda simfonik konsert təqdim olunub. Konsertdə Azərbaycanın Əməkdar artistləri – Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov və tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadənin iştirak ediblər.

Fuad İbrahimovun dirijorluğu ilə Bursa Bölgə Dövlət Simfonik Orkestri ilə çıxış edən musiqiçilərimizin ifaları böyük alqışla qarşılanıb.

Qeyd edək ki, Əməkdar artist, tarzən Sahib Paşazadə Bursa Bölgə Dövlət Simfonik Orkestri ilə ilk dəfə 2005-ci ildə Xalq artisti, dirijor Rauf Abdullayevlə birgə solo konsertlə çıxış etmişdi. Bundan əlavə, Xalq artistləri Fəxrəddin Kərimov, Yalçın Adıgözəlov, Əlixan Səmədov, Əməkdar artist Əyyub Quliyevin bu orkestrlə birgə çıxışları böyük maraq doğurub.

Budəfəki konsertin proqramı əsasənAzərbaycan bəstəkarlarının əsərlərindən ibarət olub.

Konsertdə Xalq artisti Oqtay Zülfüqarovun xalqına məhəbbət və sədaqətini musiqinin dili ilə ifadə edən “Şənlən, mənim xalqım” əsəri, Azərbaycan muğamının dərin çalarları ilə simfonik orkestrin vəhdətində Hacı Xanməmmədovun tar üçün yazdığı əsərin individual və daha dərin emosional səviyyədə təsiri tamaşaçılara xoş ovqat bəxş edib. Dirijor və orkestr, solist və orkestr tandemində əsərlərin ifadəliyi sanki insan duyğularını səhnəyə gətirmiş təəssüratı yaradıb.

Proqramda ifa olunan Qara Qarayevin “Leyli və Məcnun” süitası da tamaşaçıların könlünü oxşayıb. Ardınca səslənən P.İ Çaykovskinin “Romeo və Cülyetta” fantaziya-uvertürası Fuad İbrahimovun dirijorluğu ilə sanki Şərq və Qərbin iki böyük sevgi hekayəsinə yolçuluq edərək saf məhəbbətin zamansızlığına şahidlik edib.

Onu da qeyd edək ki, konsertdən öncə TRT kanalı azərbaycanlı musiqiçilərlə geniş müsahibə nümayiş etdirib. Konsert kanal vasitəsilə tam olaraq lentə alınıb və yaxın günlərdə TRT2 vasitəsilə nümayiş olunacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər